📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Zirvə Agro” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti Memorandum imzaladı - Fotolar

2026-10-29 13:05:04

“Zirvə Agro” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti Memorandum imzaladı - Fotolar

“Zirvə Agro” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb​.

Hurriyyet.net  xəbər verir ki, Memorandum gələcəyin peşəkar aqronomlarının nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinə və aqrar sektor üçün ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

2021-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Zirvə Agro” MMC qısa müddət ərzində ölkənin aqrar sektorunda özünəməxsus mövqe qazanaraq minlərlə fermerin etimadını qazanan, dinamik inkişaf edən kənd təsərrüfatı şirkətlərindən birinə çevrilib.

Mineral gübrələrin, bitki qidalanması məhsullarının, toxumların və bitki mühafizə vasitələrinin idxalı və satışı sahəsində ixtisaslaşan şirkət dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək beynəlxalq təcrübəyə əsaslanan müasir aqrar həlləri Azərbaycan fermerlərinə təqdim edir.

Bir sıra nüfuzlu beynəlxalq brendlərin Azərbaycandakı rəsmi distribütoru olan “Zirvə Agro” məhsul portfelini davamlı şəkildə genişləndirir, innovativ texnologiyaların və yüksək keyfiyyət standartlarına cavab verən məhsulların ölkəmizin kənd təsərrüfatında tətbiqinə xüsusi önəm verir.

Hazırda 20-dən çox aqromağazası, 55 mindən artıq fermerlə əməkdaşlığı və peşəkar aqronom komandası ilə şirkət Azərbaycanın müxtəlif bölgələrində geniş fəaliyyət şəbəkəsinə malikdir.

“Zirvə Agro”nun əsas fəaliyyət prinsiplərindən biri fermerlərə yalnız məhsul təqdim etməklə kifayətlənməməkdir. Şirkət ödənişsiz aqronomik xidmətlər, peşəkar məsləhətlər və texniki dəstək göstərərək fermerlərin qarşılaşdıqları problemlərin həllinə, məhsuldarlığın artırılmasına və təsərrüfatların daha səmərəli idarə olunmasına töhfə verir.

Müasir bağçılığa investisiya və innovativ yanaşma

Şirkətin strateji inkişaf istiqamətlərindən biri müasir kənd təsərrüfatı layihələrinə birbaşa investisiya qoyuluşudur.

Bu baxımdan Bərdə rayonunda həyata keçirilən “Zirvə Bağlar” superintensiv gilas bağları layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində qabaqcıl bağçılıq texnologiyalarının, müasir suvarma sistemlərinin və innovativ aqrotexniki yanaşmaların tətbiqi “Zirvə Agro”nun yalnız kənd təsərrüfatı məhsullarının təchizatçısı deyil, həm də aqrar istehsal proseslərinin fəal iştirakçısı olduğunu nümayiş etdirir.

“Zirvə Bağlar” layihəsi yeni texnologiyaların praktiki şəraitdə öyrənilməsi, aqronomik təcrübələrin aparılması və əldə olunan biliklərin fermerlərlə paylaşılması baxımından da mühüm platforma rolunu oynayır.

İxtisaslı aqronomların yetişdirilməsi üçün universitetlə əməkdaşlıq

“Zirvə Agro” MMC-nin fəaliyyətində mühüm istiqamətlərdən biri aqrar təhsilin inkişafına dəstək vermək və gələcəyin peşəkar mütəxəssislərinin hazırlanmasında iştirak etməkdir.

Bu məqsədlə 27 oktyabr 2026-cı il tarixində “Zirvə Agro” MMC ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə fəaliyyət və əməkdaşlığa dair memorandum imzalanıb.

Əməkdaşlığın əsas məqsədi aqrar sahədə təhsil alan tələbələrin nəzəri biliklərini real istehsalat təcrübəsi ilə möhkəmləndirmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarının tələblərinə cavab verən ixtisaslı aqronomların yetişdirilməsinə töhfə verməkdir.

Memorandum çərçivəsində tələbələr “Zirvə Agro”nun fəaliyyət imkanlarından yararlanaraq real təsərrüfat şəraitində praktiki bilik və təcrübə qazanacaqlar. Şirkətin peşəkar mütəxəssislərinin rəhbərliyi ilə gənc aqronomlar fermerlərlə birbaşa görüşlərdə iştirak edəcək, əkin sahələrində aparılan aqronomik müşahidələrə, bitki qidalanması və mühafizəsi proseslərinə, eləcə də müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinə yaxından cəlb olunacaqlar.

Bu yanaşma tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, fermerlərin gündəlik qarşılaşdıqları problemləri yerində öyrənmək, onların həlli yollarını araşdırmaq və müstəqil peşəkar qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.

Əməkdaşlığın digər mühüm istiqaməti istedadlı gənclərin gələcək məşğulluğuna dəstək göstərilməsidir. Təcrübə müddətində yüksək nəticələr göstərən, bilik və bacarıqları ilə fərqlənən tələbələr üçün “Zirvə Agro”da iş imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.

Beləliklə, universitet və şirkət arasında əməkdaşlıq təhsil ilə istehsalat arasında əlaqələrin gücləndirilməsinə, tələbələrin peşəkar inkişafına və aqrar sektorun ixtisaslı kadrlarla təmin olunmasına xidmət edəcək.

“Zirvə Agro” hesab edir ki, aqrar sektorun davamlı inkişafı yalnız müasir texnologiyaların tətbiqindən deyil, həm də həmin texnologiyaları səmərəli şəkildə idarə edə bilən savadlı, təşəbbüskar və peşəkar gənc kadrların yetişdirilməsindən asılıdır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə qurulan əməkdaşlıq da məhz bu məqsədə - gələcəyin ixtisaslı aqronomlarının hazırlanmasına və ölkənin aqrar potensialının gücləndirilməsinə yönəlib.