Vüqar Zifəroğlu: Media informasiya təhdidlərinə qarşı mübarizədə mühüm rol oynayır
Müasir dövrdə informasiya müharibəsi və manipulyasiyalara qarşı mübarizədə Azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır.
Hurriyyet.net xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, informasiya müharibəsinin əsas istiqamətlərindən biri ideoloji təsirdir və bu şəraitdə Azərbaycançılıq ideologiyası cəmiyyətin milli maraqlar ətrafında birliyinin qorunmasında mühüm rol oynayır.
“Bu ideologiyanın bizə aşıladığı təməl prinsiplərdən çıxış edərək ölkəmizə qarşı yönələn manipulyasiyaların və informasiya müharibəsi modellərinin qarşısını almalıyıq”, – deyə V.Zifəroğlu vurğulayıb.
Mətbuat Şurasının sədri əlavə edib ki, sosial mediada yayılan manipulyasiyalar və Azərbaycana qarşı informasiya kampaniyaları jurnalistlərdən xüsusi məsuliyyət tələb edir. Onun sözlərinə görə, media nümayəndələri cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların və dövlətçilik dəyərlərinin qorunması istiqamətində fəaliyyət göstərməlidirlər.