Vüqar Məmmədovun məhkəmə prosesi – PROKUROR ŞAHİDƏ TƏZİQ GÖSTƏRİRDİ
Dünən, 04 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirildi. Hurriyyet.net xəbər verir ki, hakim Emin Rüstəmovun sədrliyi ilə baş tutan məhkəmə iclası təyin olunduğu vaxtdan təxminən 2 saat gec başladı. Buna baxmayaraq, V.Məmmədov artıq səhər saatlarından Bakı ağır Cinayətlər Məhkəməsinin zirzəmisində gözlədilirdi.
Dünənki məhkəmə prosesində də şahidlər ifadə verdi. İlk olaraq kürsüyə “GM media” MMC rekalm şirkətinin rəhbəri Gülnarə Məmmədova çıxdı. “Azərsun” şirkətlər qrupunun adından “Hurriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovla əlaqə saxladığını bildirən G.Məmmədova qeyd etdi ki, onun məqsədi təmsil etdiyi şirkətin sözügedən media orqanında reklamlarının dərc edilməsi olub. O, vurğuladı ki, “Hürriyyət”in baş redaktoru ilə sadəcə reklam tarixlərini aydınlaşdırmaq üçün əlaqə saxlayıb və qarşı tərəfin fikrini “Azərsun”nun yetkili şəxslərinə çatdırıb. Bundan sonra isə tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq “Hürriyyət” qəzetinə məxsus Hurriyyet.az saytında “Azərsun” şirkətlər qrupunun reklamı yerləşdirilib.
Şahid öz ifadəsində birmənalı olaraq qeyd etdi ki, V.Məmmədovla telefon danışıqları zamanı qarşı tərəfdən təhdid, şantaj xarakterli hər hansı ifadə eşitməyib, aralarında yalnız işgüzar danışıqlar aparılıb.
V.Məmmədovun vəkili Rövşanə Rəhimova şahid Gülnarə Məmmədovaya “məhkəməyə verdiyiniz bu ifadənin əsas kimi götürülməsinin təsdiq edirsinizmi”, - deyə sual ünvanladı. O, “bəli, təsdiq edirəm”,- deyə cavab verdi.
Maraqlıdır ki, Gülnarə Məmmədovanın bu fikri prokuror Orxan Kəngərli tərəfindən etiraz səbəb olub. O, əsəbi halda şahiddən nə üçün istintaq müddətində verdiyi ifadələri təsdiqləmədiyini soruşub. Bu isə baş redaktorun vəkili tərəfindən etiraz səbəb olub. Belə ki, vəkil prokuroru şahidə təzyiq göstərməkdə ittam edib. O cümlədən, hakim Emin Rüstəmov da açıq şəkildə prokurorun sualına etirazını bildirib.
Növbəti şahid “Azərlotereya” ASC-nın ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Teymurov Seymur Teymur oğlu istintaq müddətində verdiyi ifadəsini təsdiq etdiyini bildirib. Onun sözlərinə görə, guya, V.Məmmədov rəhbəri olduğu Hurriyyet.az saytında “Azərlotereya” ASC-nin işguzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar paylaşıb. Bu səbəbdən də “Universal Reklam” MMC-nin rəhbəri Elxan Mahmudova müraciət edərək, Hurriyyet.az saytında dərc olunan materialların qarşısını almaq üçün Vüqar Məmmədovla danışıqlar aparmasını istəyib. Şahid iddia edib ki, V.Məmmədov E.Mahmudovla telefon söhbəti zamanı “əgər onlar belə yazılar paylaşmağımızı istəmirlərsə, bizimlə reklam müqaviləsi bağlayıb aylıq pul ödəməlidirlər”, - deyib.
Halbuki ötən məhkəmə prosesində “Universal Reklam” MMC-nin rəhbəri Elxan Mahmudov bu iddiaları yalanlamış və V. Məmmədovun onu heç bir halda təhdiq və şantaj etmədiyini bildirmişdi.
Qeyd edək ki, şahid ifadələrindən sonra məhkəmə prosesi yekunlaşıb və növbəti iclasının vaxtı 18 noyabr saat 14:00 təyin olunub.
Jalə FAMİLQIZI
Hurriyyet.net