📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Uitkoff Putinlə görüşə gedir - Oslo görüşünün təfərrüatları açıqlanıb

2026-10-21 18:57:36

Uitkoff Putinlə görüşə gedir - Oslo görüşünün təfərrüatları açıqlanıb

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Səfər məqsədi Ukraynadakı müharibənin dayandırılması ilə bağlı hazırlanan sülh təkliflərini müzakirə etməkdir.

Norveçin baş naziri Yonas Qar Sterenin açıqlamasına görə, bundan əvvəl Osloda Stiv Uitkoff, Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb arasında danışıqlar baş tutub. Aleksandr Stubb bildirib ki, görüş zamanı sülh nizamlanmasının bəzi elementləri müəyənləşdirilib və bu gün Sankt-Peterburqda Putinin diqqətinə çatdırılacaq.

Volodimir Zelenski Oslodakı mətbuat konfransında ABŞ-yə kəşfiyyat məlumatlarının mübadiləsinin bərpasına və xəbərdarlıqlara görə təşəkkür edib. O, Ukraynanın müharibəni uduzmadığını, lakin insan itkilərinin qarşısını almaq üçün sülh yolları axtardıqlarını vurğulayıb. Zelenski, həmçinin ABŞ, Rusiya və Çin liderlərinin (Tramp, Putin, Si Cinpin) Ukraynasız hər hansı formatda danışıqlar aparmasının qəbuledilməz olduğunu, Kiyevin mütləq masada olmalı olduğunu qeyd edib.

"Axios" nəşrinin məlumatına görə, Uitkof Rusiyaya Ukrayna və avropalı tərəfdaşlarla birlikdə hazırlanan təklifləri aparır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva təklifləri dinləyəcək, lakin heç bir siyasi güzəştə getməyəcək. Eyni zamanda, "The New York Times" yazır ki, səfər çərçivəsində Rusiyada uzun müddətdir həbsdə olan ABŞ vətəndaşı Stiven Habbardın azad edilməsi məsələsi də müzakirə oluna bilər. Ağ Ev başçısı Donald Tramp da Putindən Habbardın azad olunmasını xahiş etdiyini təsdiqləyib.