📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türk dili Rusiyada dövlət DİLİ olacaq? – Moskvanın Kiyevdən O TƏLƏBİ...

2026-11-04 16:54:19

Türk dili Rusiyada dövlət DİLİ olacaq? – Moskvanın Kiyevdən O TƏLƏBİ...

Qazaxıstan Prezidentinin Rusiyanı Türk Dövlətləri Təşkilatına (TDT) qoşmaqla bağlı orijinal təklifinə Kremlin reaksiyası artıq bəllidir. Gözlənildiyi kimi, rəsmi Moskva etiraz-zad eləməyib. Hərçənd, Putinin sözçüsü Dmitri Peskov quruma ölkənin ayrı-ayrı türkdilli respublikalarının (Tatarıstan, Başqırdıstan və s.) yox, bütövlükdə Rusiyanın qoşulmalı olduğunu xüsusi vurğulayıb.

Amma bu gün məlum olub ki, Türkiyə təklifə qarşıdır. Politoloq Elxan Şahinoğluna görə, hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb: “Hər hansı dövlətin TDT-yə üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir”.

Zorlu ardınca Rusiyanın vaxtilə verdiyi bir qərarı xatırladıb: “1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”...

Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq | Modern.az

Türkiyə nümayəndəsi əslində bununla demək istəyib ki, vaxtilə ölkəsindəki türklərin türk dünyası ilə mədəni əlaqələrinin inteqrasiyasına mane olan bir ölkə TDT-yə üzv ola bilməz. Hərgah, maraqlıdır ki, əhalisinin 98%-i macar olan Macarıstanda türk dili rəsmi status daşımır, amma yaranışından TDT-də müşahidəçi dövlət statusuna malikdir. Şimali Kipr dövləti kimi (Rusiya əhalisinin 10-12%-i türkdür).

Belə çıxır, Türkiyə Rusiyanı qurumda heç müşahidəçi statusda da görmək istəmir. TDT-də qərarlar konsensus yolu qəbul olunduğundan, aydındır ki, Ankaranın razılığı olmadan bu məsələ müsbət həllini tapa bilməz...

Demək, başqa səbəb(lər) var. Onlardan biri də qardaş Türkiyə və Rusiyanın bir-birinə tarix boyu ənənəvi geosiyasi rəqib olması, Güney Qafqazda, digər bölgələrdə maraqların toqquşması ilə bağlıdır. İki dövlət-imperiya dəfələrlə müharibə edib. Onlardan biri də elə Krım uğrunda olub. Bütün bunları yaddaşdan silmək mümkünsüz. Qısası, “ulduzları barışmayan”, ara-sıra cari maraqların diktəsi ilə “mehriban düşmənlər”ə çevrilən ölkələr.

Bu və digər səbəbdən TDT-nin aparıcı gücü, lokomotivi kimi Ankara Moskvanın “türk ailəsi”nin sirlərinə yaxın buraxılmasını arzulamaz. Söhbət həm də son vaxtlar türk dövlətləri arasında dərinləşən hərbi əməkdaşlıqdan, o sırada Türkiyənin dost-qardaş ölkələrlə birgə öz hərbi sənayesini uğurla irəli aparmasından gedir.

Bəllidir ki, bu sahədə də Ankara və Moskva rəqibdir. Üstəlik, qurumdakı türk dövlətlərinin əksəriyyəti MDB-nin, Avrasiya İqtisadi Birliyinin və “Rus NATO-su” sayılan KTMT-nin də üzvləridir və bir çoxu silah-sursatı əsasən Rusiyadan alır.

Başqa yandan, Moskvanın özü Ukraynadan rus əhalisi azlıqda olduğu halda rus dilinə rəsmi status verilməsini tələb edirsə, bunu Kiyevlə anlaşmanın şərtlərindən biri kimi irəli sürürsə, öz tərkibində neçə-neçə qanuni türk respublikası, aborigen türk xalqı ola-ola, nədən eyni addımı atmasın? Necə deyərlər, gərəkdir ki, başqasına rəva bildiyini özünə də görəsən...