Trampın sülh və müharibə planı nədir?
Prezident Donald Trampın Truth Social-da “Bizə İranla saziş lazım deyil. Artıq o günlər geridə qalıb. Biz onların pullarına, yüz milyardlarla dollara və onların boğazına sahibik” yazıb.
Trampın bu cür açıqlaması ABŞ-ın danışıqlardakı mövqeyini sərtləşdirdiyini göstərir. O, vitse-prezident Ceyms Di Vensin də İranla danışıqlardan uzaqlaşaraq daxili məsələlərə diqqət yetirməsini istəyib.
Siyasi ekspertlər hesab edir ki, Trampın sazişə ehtiyac olmadığını deməsi ABŞ-ın İran məsələsini həll etdiyi anlamına gəlmir. Əksinə, müharibənin bitməsi, Hörmüz boğazının açıq qalması, sanksiyalar və İranın nüvə proqramı kimi məsələlər hələ də gündəmdədir.
Bəs İrana ABŞ-la saziş lazımdırmı? Tramp danışıqlardan imtina etməklə nə əldə etmək istəyir?

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ prezidentinin bu sözləri İranla ürəyi istədiyi formada bacarmadığının etirafıdır: “Bu cür ifadə əslində sanki çarəsizliyin əlamətinə daha çox oxşayır. Çünki hərbi əməliyyatlar Amerika üçün lazımi nəticəni vermədi. İranın nüvə potensialının tam şəkildə məhv edilmədiyini hadisələrin gedişi sübut elədi. Baxmayaraq ki, Tramp İranın nüvə potensialının tam məhv ediləcəyini demişdi. İndi Tramın sazişin lazım olmadığını deməsi İrana bundan artıq nə isə edə bilməyəcəyinin sadəcə etirafı kimi başa düşülməlidir. Öncədən dediyimiz proqnoz özünü doğruldur ki, Tramp İranla nə müharibə, nə də sülh sazişi olmadan danışıqlar imitasiyası ilə nə sülh, nə müharibə vəziyyətini qeyri-müəyyən vaxta qədər uzadacaq.
Trampın fikirləri bunu təsdiq edir. Tramp siyasi ritorikada sazişə ehtiyac olmadığını deyir, amma ABŞ-ın qarşısında duran problemlərin bir çoxu diplomatik razılaşma olmadan da həll edilməyəcək. Trampın açıqlaması həm də İrana psixoloji təzyiqdir. “Bizə saziş lazım deyil” bəyanatı həm də danışıqlarda üstünlük əldə etmək cəhdi kimi görünür”.
Bəzi siyasi analitiklər isə hesab edir ki, İranın ABŞ-la sazişə ehtiyacı var. Ancaq Tehran üçün istənilən saziş yox, ölkənin təhlükəsizliyini və siyasi mövqelərini qoruyan saziş lazımdır.