“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
“Avrora Qrup”a daxil olan “Tamstore” supermarketlər şəbəkəsi bu il məhsulların göstərilən qiymətdən baha satılması ilə bağlı ən çox protokol tərtib olunan supermarket olub.
Modern.az xəbər verir ki, “Tam Store” MMC barəsində ümumilikdə 5 inzibati xəta haqqında protokol tərtib edilib.
Şirkət barəsində yanvarın 22-də, martın 3-də və 18-də qida məhsullarının, avqustun 20-də və sentyabrın 29-da isə qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı protokollar tərtib olunub. Başqa sözlə, sənəddə bu hallarda alıcılardan məhsulun göstərilən qiymətindən artıq pul alındığı qeyd edilib.
Bütün protokollarda İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi göstərilib. Bu maddə malın çəkisi, ölçüsü və ya hesabı ilə bağlı istehlakçının az miqdarda aldadılmasını nəzərdə tutur. “Tam Store”la bağlı qeydlər hesabda aldadılmaya aiddir.
Qeyd edək ki, təhlil yanvar–sentyabr aylarını əhatə edən siyahıya əsaslanır. Sənəddə cərimə qərarları və məbləğləri açıqlanmadığından müqayisə tərtib edilmiş protokolların sayı üzrə aparılıb.
Maraqlıdır ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tətbiq edilən cərimələrə baxmayaraq supermarket şəbəkələri qanun pozuntularını davam etdirirlər. Bunu sosial mediada vətəndaşlar tərəfindən ünvanların şikayətlərin sayında da müşahidə etmək mümkündür.
Xatırladaq ki, “Tamstore” supermarketlər şəbəkəsi “Avrora Qrup”a daxildir və 2023-cü ilin noyabrında fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ceyhun Yusubovdur. “Avrora Qrup”un əsası isə 1993-cü il noyabrın 1-də qoyulub. Onun nizamnamə kapitalı 4,1 milyon manatdır. Qrupun təsisçisi və prezidenti isə Ceyhun Abbasovdur.