📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

2026-11-05 15:46:18

Şuşanın azadlığı və antiterror tədbirləri: Azərbaycanın qəhrəmanlıq salnaməsi

"Müharibələr zamanı müxtəlif döyüşlər və əməliyyatlar keçirilir, hərbi komandanlıq isə qeyri-standart qərarlar qəbul edir. Əsas məsələ düşməni çaşdırmaq, onu yanlış istiqamətə yönəltməkdir. Bu baxımdan Şuşa əməliyyatı həqiqətən də qeyri-adi, unikal və qəhrəmanlıq nümunəsi olan bir əməliyyatdır. Məlum olduğu kimi, Şuşaya aparan bir yol var idi və həmin yol işğalçı qüvvələr tərəfindən ciddi şəkildə mühafizə olunurdu. Lakin hərbçilərimiz, xüsusilə də xüsusi təyinatlılarımız sıldırım qayalıqları və dağları aşaraq qarşılarındakı ən çətin vəzifələrdən birinin öhdəsindən layiqincə gəldilər. Əgər qələbəmiz böyük bir tacdırsa, Şuşa əməliyyatı onun üzərindəki ən parlaq brilyantdır. Bu əməliyyat dünya hərbi ekspertlərinin də diqqətini cəlb etdi".

Bu fikirləri Sonxeber.az-a  açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

"Ermənilər Şuşanı heç vaxt verməyəcəklərini iddia edir, şəhərin alınmasını mümkünsüz hesab edirdilər. Lakin Şuşa yenidən azad Azərbaycan şəhərinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsindən sonra noyabrın 8-də səhər saatlarında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarı önündə, daha sonra Şəhidlər xiyabanında hesabat verməsi də xüsusi məna daşıyırdı. Dövlət başçısı bununla ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olan hadisənin müəllifi kimi tarixə düşdü.

Şuşanın həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyəti var. Şəhərin adı yüksəklik anlayışı ilə bağlıdır. Eyni zamanda, Şuşa xalqımızın başını ucaldan milli mədəniyyət mərkəzlərimizdən biridir. Buradan böyük xanəndələr, Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlər yetişib. Şuşa Azərbaycan musiqisinin və mədəniyyətinin mühüm beşiklərindən biridir. Buna görə də onun xalqımız üçün əhəmiyyətini ölçmək çətindir.

Hər bir xalqın özünəməxsus müqəddəs simvolları var. Şuşa da Azərbaycan xalqı üçün belə bir simvoldur. İnsanlar, ordular və cəmiyyətlər bu simvolları qoruyur, onların ətrafında yeni nəsillər yetişdirir, tarixi hadisələri yaşadırlar. Hesab edirəm ki, Şuşanın tarixində azadlıq əməliyyatı xüsusi yer tutur. Biz məkrli düşmənlə apardığımız ağır mübarizədə şəhəri geri aldıq və bayrağımızı orada dalğalandırdıq.

Bu gün Şuşa tədricən öz ənənəvi həyatına qayıdır. Şəhər yaşamalı, yaratmalı və yaradıcı potensialını gücləndirməlidir. Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu bu prosesə böyük diqqət ayırırlar. Şuşa artıq öz ənənəvi həyat ritminə qayıtmaq istiqamətində inkişaf edir.

Şuşanın azad olunması bizim üçün böyük hadisə idi. Bununla qəhrəmanlıq dastanımızı ən yüksək notda tamamlaya bildik. Lakin bundan sonra da ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində mühüm hadisələr baş verdi. Xankəndi və ətraf ərazilərdə möhkəmlənmiş separatçı qüvvələr Azərbaycan dövlətinə meydan oxuyurdular. 2023-cü il sentyabrın 19-da Prezidentin tapşırığı və əmri ilə antiterror tədbirlərinə başlanıldı. Əməliyyat cəmi bir gündən də az müddətdə uğurla başa çatdı.

Bu tədbirlər zamanı mülki əhali arasında itkilərin olmaması Azərbaycanın humanist mövqeyini bir daha nümayiş etdirdi. Müqavimət göstərən silahlı qüvvələr zərərsizləşdirildi. Ərazidə xeyli sayda hərbi resursun və istehkamın mövcudluğu Ermənistanın və onun havadarlarının Azərbaycan torpaqlarında uzunmüddətli möhkəmlənmək niyyətində olduqlarını göstərirdi. Onlar müharibənin başa çatdığını və Azərbaycanın ərazilərinin işğal altında qalması ilə barışdığını düşünürdülər. Lakin belə olmadı.

Həm Şuşa əməliyyatı, həm də antiterror tədbirləri Azərbaycanın yeni qəhrəmanlıq salnaməsinin ayrılmaz hissələridir. Ermənistan bundan sonra da bilməlidir ki, Azərbaycana qarşı məkrli siyasət yürütmək, düşmənçilik mövqeyi nümayiş etdirmək və revanşizmə bel bağlamaq nəticə verməyəcək. Azərbaycan dövləti güclüdür. Biz bütün dünyaya bəyan etmişik ki, heç kimin torpağında gözümüz yoxdur və heç kimə hücum etməmişik. Əksinə, torpaqlarımız uzun müddət işğal altında saxlanılıb və biz beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq öz ərazilərimizdə suverenliyimizi bərpa etmişik.

Bununla da bölgəmizdə sabitliyin bərpası istiqamətində mühüm addımlar atılıb. Təhlükəsizlik tədbirləri isə davam etdirilir. Azərbaycan bu proseslərdə yeni regional nizamın formalaşmasında məsuliyyət daşıyan ölkə kimi çıxış edir. Dünyada yeni nizam formalaşırsa, bu proses bizim yaşadığımız regionda da özünü göstərir.

Hesab edirəm ki, bütün bu proseslər dünya ictimaiyyətinin və qlobal sistemin gözü qarşısında baş verir. Azərbaycan bundan sonra da müsbət dəyişikliklərin həyata keçirilməsi istiqamətində ardıcıl siyasət yürüdəcək. Bu, həm dövlətin inkişaf konsepsiyasından, həm də Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttdən irəli gəlir.

Bu gün ölkəmizdə inkişaf meyilləri ilə yanaşı, təhlükəsizlik dayaqları da gücləndirilir. İnsanlarımız üçün ən vacib amillərdən biri sabitlik və rifahdır. Dövlət, ordu və cəmiyyətin vəhdəti də bu məqsədlərin həyata keçirilməsində həlledici rol oynayır".