Sürünərək gəzirəm, küçələrdə gecələyirəm, amma pensiyam kəsilib” - Rəsmi açıqlama
“Beyin infarktı keçirmişəm, sol qolum, sol ayağım işləmir. Kiminsə köməyi olmadan yemək yeyə, paltarımı geyinib-soyuna bilmirəm, sürünə-sürünə gəzirəm. Bu vəziyyətdə olmağıma baxmayaraq, 9 aydır əlillik pensiyam kəsilib, çox çarəsiz vəziyyətdəyəm...”
Bu şikayətlə “Qafqazinfo”ya Mingəçevir sakini Əliyev Əlixan Məhərrəm oğlu müraciət edib.
Onun sözlərinə görə, pensiyadan başqa gəliri olmadığından küçələrdə gecələyir: “İnfarktla yanaşı, digər xəstəliklərim də var. 2025-ci ilin fevralında mənə 3-cü dərəcə əlillik təyin olunub. Amma bir ildən sonra kəsildi. Sənədlərimin hamısını təqdim etsəm də, 9 aydır pensiya ala bilmirəm. Elə vəziyyətdəyəm ki, heç bir gəlirim yoxdur. Soyuqda, küləkdə, qarda parkda, küçələrdə gecələyirəm. Olur günlərlə yemək, çay ala bilmirəm. Pensiyam verilsə, heç olmasa, kirayə ev tutub birtəhər dolanaram...”
Məsələ ilə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşın sənədləri bu il iki dəfə sistemə daxil edilib: “Vətəndaş Əliyev Əlixan Məhərrəm oğlunun əlilliyin qiymətləndirilməsi ilə bağlı tibbi sənədləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası tərəfindən 03.03.2026-cı il və 30.05.2026-cı il tarixlərində elektron sistemə yerləşdirilib.
Bildiririk ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı müraciətinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina qərarı verilib”.
Vətəndaşın vəziyyəti ilə əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə də müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, sözügedən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı araşdırma aparılıb:
“Mingəçevir şəhər sakini Əliyev Əlixan Məhərrəm oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 19.06.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də vətəndaşa əlillik təyinatı aparılması mümkün olmayıb”.