“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Aqil Babayevin həyatına və təhlükəsizliyinə yönəlmiş çoxsaylı təhdidlər, onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə belə müxtəlif vasitələrlə daxil olmaq cəhdləri barədə faktlar ciddi araşdırma tələb edir.
Hurriyyet.net Müstəqil.Az-a istinadək xəbər verir ki, Aqil Babayevə qarşı uzun müddətdir davam edən təzyiqlər və onun həyatına yönəlmiş çoxsaylı sui-qəsd cəhdləri ailəsində və eləcə də cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələrin arxasında Natiq Sadıqovun və Anar Aslanovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin dayandığı bildirilir. Ailə üzvlərinin və Aqil Babayevin müdafiəçilərinin sözlərinə görə, bu cəhdlər əvvəlcədən düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilib.
Aqil Babayevin və ailə üzvlərinin son beş il ərzində apardıqları ardıcıl və qətiyyətli hüquqi müdafiə mübarizəsinin nəticələrinin müsbət istiqamətdə inkişaf etməsi fonunda, qarşı tərəfin Aqil Babayevin həyatına təhlükə yaratmaq cəhdləri təsadüfi deyil.
Əvvəlki yazılarımızın birində qeyd etdiyimiz kimi, ilk belə bir cəhd, Anar Aslanovun yaxın qohumunun saxta yollarla Aqil Babayevin olduğu 9 saylı cəzaçəkmə müəssisəsinə yönləndirilməsi olmuşdur.
Bu cəhd uğursuzluqla nəticələndiyi üçün, cinayətkar dəstə öz mənfur planlarını icra etmək üçün digər üsulara əl ataraq öz cəhdlərini davam etdirmişlər.
Belə ki, bu dəfə cinayətkar dəstə üzvlərindən biri olan Faiq Abdullayev öz qohumu Asif adlı şəxsi Aqil Babayevin saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə dolayı yollarla yerləşdirilməsinə cəhd göstərib. Həmin Asif adlı şəxsin əvvəllər hüquq-mühafizə orqanlarında çalışdığı və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğu bildirilir. Bunu nəzərə alan cinayətkar dəstə bu üsulla Asifi, məhz 9 saylı cəzaçəkmə müəssisəsinə yönləndirilməyə nail olacaqlarını düşünmüşlər. Oxucuların nəzərinə çatdırmaq istərdik ki, 9 saylı cəzaçəkmə müəssisəsi əvvəllər hüquq mühafizə orqanlarında çalışan və sonradan məsuliyyətə cəlb olunan kəslər üçün nəzərdə tutulub. Bu cəhdləri də uğursuzluqla nəticələnən cinayətkar dəstə daha kəskin yollarla öz çirkin planlarına davam ediblər.
Sonuncu hadisədə cinayətkar dəstənin üzvü olan Araz Kave adlı şəxs, saxta sənədlərdən istifadə edərək özünü guya hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxs kimi təqdim edərək və əvvəlcədən planlı şəkildə xırda dələduzluq əməlini törətməklə cinayət məsuliyyətinə cəlb olunmasına nail olmağa və bununla da 9 saylı cəzaçəkmə müəssisəsinə yönləndirilməsinə cəhd göstərib.
Məlumata görə, hətta məhkəmədə Araz Kavenin törətdiyi xırda dələduzluq əməlinə görə yüngül cəza metodu olaraq yalnız qandal vurulmaqla azadlığının məhdudlaşdırılması qərarına “çılğın” şəkildə etirazı, dövlət ittihamçısını və hakimi belə təccübləndirib.
Bu etiraz Araz Kavenin məqsədyönlü şəkildə Aqil Babayevin yerləşdirildiyi 9 saylı cəzaçəkmə müəssisəsinə yönləndirilməsi planının uğursuzluğa düçar olmasından irəli gəlir.
Bu əməllərlə, cinayətkar dəstə Aqil Babayevə birbaşa təzyiqlər göstərərək onu “Shaurma №1” restoranlar şəbəkəsinin sahibi qismində apardığı kommersiya mübarizəsindən çəkindirmək məqsədi daşıyıb.
Bu cəhdlərin məqsədi Aqil Babayevin susdurulması və ona qarşı törədilmiş cinayət əməllərinin ifşa olunmasına mane olmaqdırsa, bu, təkcə bir şəxsin təhlükəsizliyinə deyil, həm də hüququn aliliyinə və ədalətin təmin olunmasına qarşı yönəlmiş təhlükədir.
Aqil Babayevin həyatına və təhlükəsizliyinə yönəlmiş bütün hadisələri, o cümlədən onun saxlanıldığı müəssisəyə daxil olmaq cəhdlərini, saxta sənədlərdən istifadə edilməsi faktlarını və bu hadisələrdə iştirak etmiş şəxslərin mümkün əlaqələrinin hərtərəfli araşdırılmasını, Aqil Babayevin ailə üzvləri dəfələrlə öz müraciətlərində müvafiq hüquq mühafizə orqanlarına ünvanlamışlar.