📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakaşvilini ALİMENTƏ GÖRƏ məhkəməyə verdilər: Ukraynalı deputat qızını ondan ALIR

2026-10-27 17:36:35

Saakaşvilini ALİMENTƏ GÖRƏ məhkəməyə verdilər: Ukraynalı deputat qızını ondan ALIR

Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Gürcüstanın eks-prezidenti Mixeil Saakaşviliyə qarşı məhkəmə iddiası qaldırıb.

Hurriyyet.net  xəbər verir ki, ukraynalı millət vəkili məhkəmə yolu ilə Saakaşvilinin azyaşlı qızları Jasmin üzərində valideynlik hüququndan məhrum olunmasını və uşaq yetkinlik yaşına çatana qədər aliment ödənilməsini tələb edir.

Bu barədə Ukraynanın "Obozrevatel" nəşri Kiyevin Şevçenko Rayon Məhkəməsinin portalına və Məhkəmə Qərarlarının Vahid Dövlət Reystrinə istinadən məlumat yayıb.

Hazırda Gürcüstanda həbsdə olan Mixeil Saakaşvili məsələyə "X" sosial şəbəkəsində reaksiya verib.

O, həbsindən sonra dünyaya gələn qızına müntəzəm maddi köməklik göstərdiyini bildirib.

Saakaşvilinin sözlərinə görə, anası nəvəsini həm Kiyevdə, həm də Avropada dəfələrlə ziyarət edib, ona hər ay maliyyə dəstəyi ayırır və 2022-ci ildə Ukrayna paytaxtında azyaşlıya ev bağışlayıb.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk etdikdən sonra rəsmi Tiflis ona qarşı bir neçə cinayət işi açıb.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığı alaraq Odessa Vilayət Dövlət Administrasiyasına və İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinə rəhbərlik edib. Eks-prezident 2021-ci ilin oktyabrında qanunsuz yolla Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılaraq həbsxanaya yerləşdirilib.