📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyada Stalinin cəza batalyonları geri qayıdır?

2026-11-02 12:09:32

Rusiyada Stalinin cəza batalyonları geri qayıdır?

Rusiyanın Sankt-Peterburq şəhərində narkotik ittihamı ilə saxlanılan 20 yaşlı gəncin zorakılıq və ölümlə hədələnərək hərbi müqavilə imzalamağa məcbur edildiyi, daha sonra isə Ukrayna cəbhəsinə göndərildiyi bildirilir.

Hurriyyet.net  bildirir ki, bu barədə "Mneniya Seqodnya" nəşrinə gəncin anası məlumat verib.

Məlumata görə, 20 yaşlı Sankt-Peterburq sakini Daniil Zaloznıy oktyabrın sonlarında narkotik vasitələrin saxlanılması və yayılmasında şübhəli bilinərək polis tərəfindən tutulub.

Anasının sözlərinə görə, gənc polis bölməsində döyülüb. Oktyabrın 23-də keçirilən məhkəmə iclasından sonra onun barəsində həbs qətimkan tədbiri seçilib və istintaq təcridxanasına göndərilib.

Qadın bildirib ki, polis bölməsində vəkilin Daniillə görüşməsinə imkan verilməyib. O, bunun döyülmə izlərinin rəsmiləşdirilməsinin qarşısını almaq məqsədi daşıdığını ehtimal edir.

Ananın iddiasına görə, istintaq təcridxanasında oğlunun saxlanıldığı kameraya xüsusi olaraq başqa bir məhbus yerləşdirilib.

Həmin şəxs əvvəlcə Daniillə mehriban danışaraq ömürlük həbs cəzası aldığını, özünün də Ukraynadakı müharibəyə getmək istədiyini söyləyib. O, gənci hərbi müqavilə imzalamağa həvəsləndirərək cəbhədə yaxşı pul qazanacağını bildirib.

Lakin Daniil təklifdən imtina etdikdən sonra məhbus onu fiziki zorakılıqla hədələməyə başlayıb.

"Oğluma deyib ki, səni indi qaynar su qızdırıcısı ilə yandıracağam, üzünü radiatora çırpacağam. Beləliklə, oğlum hərbi müqaviləni imzalamağa məcbur olub", – deyə qadın bildirib.

Ananın sözlərinə görə, bir müddət sonra naməlum nömrədən ona "Ana, mən müharibədəyəm" məzmunlu mesaj gəlib.

Qadın sonradan oğlu ilə telefon əlaqəsi yarada bilib. Daniil ondan hərbi hissəyə gələrək vidalaşmasını istəyib.

Anası bildirib ki, oğlunun artıq cəbhəyə göndərildiyini öyrənib.

Qadın baş verənlərlə bağlı Rusiya Hərbi Prokurorluğuna və İstintaq Komitəsinə şikayət edib.

Hələlik hüquq-mühafizə orqanlarının bu iddialara münasibəti barədə məlumat yoxdur.

Stalinin cəza batalyonlarını xatırladan hadisə

Qeyd edək ki, bu hadisə İkinci Dünya müharibəsi illərində Stalin dövründə tətbiq olunan cəza batalyonları praktikasını xatırladır. Sovet ordusunda 1942-ci ildən fəaliyyət göstərən belə hərbi hissələrə intizam pozuntularına və müəyyən cinayətlərə görə cəzalandırılmış hərbçilər göndərilir, onlar cəbhənin xüsusilə təhlükəli istiqamətlərində döyüşürdülər. Bununla belə, həmin dövrdəki cəza batalyonları ilə müasir Rusiyada həbs olunan şəxslərin hərbi müqavilə əsasında cəbhəyə göndərilməsi hüquqi baxımdan eyni mexanizm deyil. Oxşarlıq məhz cəzalandırılan və ya həbsdə saxlanılan insanların müharibənin ən təhlükəli bölgələrinə yönəldilməsindədir.