Rəqibin ölümünə səbəb olan qapıçıya ağır cəza - Karyerası da sual altındadır
İspaniya Kral Futbol Federasiyası “Andorra” klubunun qapıçısı Xesus Ovononu rəqib futbolçunun ölümünə səbəb olan kobud hərəkətinə görə 12 oyunluq diskvalifikasiya edib.
Hurriyyet.net xəbər verir ki, federasiyanın İntizam Komitəsi bu qərarı matçın baş hakiminin raportundakı ifadələrə əsasən verib.
Qeyd olunur ki, Ovono top oyunda olarkən həddindən artıq güc tətbiq edib və ayağını qaldıraraq “Tenerife” klubunun hücumçusu Xesus de Migelin sinəsinə zərbə endirib. Komitə hadisənin faciəvi nəticəsinin bütün ictimaiyyətə məlum olduğunu vurğulayaraq, qayda pozuntusunun xarakterini nəzərə almaqla qaydalar çərçivəsində nəzərdə tutulan ən sərt cəzanın tətbiqini tam əsaslı hesab edib.
Bundan əlavə, insident baş verən anda 2:2 hesabı ilə dayandırılan qarşılaşmanın təkrar oynanılmayacağı rəsmən açıqlanıb. Federasiya bu qərarını fövqəladə və ağrılı vəziyyətə göstərilən ən yüksək hörmət əlaməti kimi izah edərək hazırkı hesabın qüvvədə saxlanıldığını bildirib.
Faciədən sonra “Andorra” klubu Ekvatorial Qvineya millisinin də üzvü olan qapıçının həyatının ən ağır günlərini yaşadığını və dərin sarsıntı keçirdiyini açıqlayıb. Komandanın baş məşqçisi Karles Manso bildirib ki, Ovono hələlik futbola qayıdıb-qayıtmayacağı ilə bağlı yekun qərar verməyib.
“O, hazırda ailəsinin yanındadır və bu qərar tamamilə onun özündən asılıdır. Klub olaraq onu hər cəhətdən dəstəkləyirik, özünü hazır hiss etdikdə gələcək karyerası ilə bağlı addımını atacaq”, – deyə baş məşqçi vurğulayıb.