"Radarı əmim ixtira edib" - Tramp
ABŞ prezidenti Donald Tramp radar sisteminin əmisi tərəfindən ixtira olunduğunu xatırladıb.
Modern.az xəbər verir ki, bu barədə o, Floridada erkən səsvermədən sonra jurnalistlərlə söhbətində bildirib. Tramp Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru olan əmisi Con Trampın “radarı ixtira etdiyini”, özünün isə İranın radarlarını sıradan çıxardığını bildirib:
“Əmim radarı ixtira edib. Təsəvvür edə bilərsiniz? MIT-dən doktor Con Tramp. Yəqin ki, o, mənə əsəbiləşəcək, amma mən onların (İranın) radarını sıradan çıxardım. Qalan hər şeyi də sıradan çıxardım. İndi onların əlində olan yeganə şey inflyasiyadır. Onlar inflyasiya rekordunu qırırlar. İndicə oxuduğuma görə, bu səhər onların inflyasiyası 301 faiz təşkil edib. Beləliklə, biz əla iş gördük. Məsələ ondadır ki, bunu sona çatdıracağıq, ya yox?”.
Massaçusets Texnologiya İnstitutunun (MIT) Con Trampın radar texnologiyalarının inkişafı tarixindəki rolu ilə bağlı materiallarında onun radarın ixtiraçısı olduğu qeyd edilmir. İnstitut bildirir ki, britaniyalı alim Robert Uotson-Uott 1935-ci ildə radarı meteoroloji məqsədlər üçün patentləşdirib. Daha sonra isə MIT-də mikrodalğalı radar sistemləri hazırlanıb.