📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaz razılaşması üçün Moskvaya uçan nazir təyyarədən DÜŞÜRÜLDÜ

2026-11-04 16:22:37

Qaz razılaşması üçün Moskvaya uçan nazir təyyarədən DÜŞÜRÜLDÜ

Noyabrın 3-ü axşam saatlarında "Air Serbia" aviaşirkətinin Belqraddan Moskvaya uçan reysi Litva üzərində dönərək Serbiyaya qayıdıb.

Hurriyyet.net  xəbər verir ki, aviaşirkətdən verilən məlumata görə, sərnişinlərdən birinin təhlükəsizlik xidməti tərəfindən əlavə yoxlanılmasına ehtiyac yaranıb.

Serbiyanın keçmiş baş nazir müavini Aleksandar Vulin təyyarənin göyərtəsində olduğunu təsdiqləyib.

Təyyarə Belqraddan saat 18:48-də havalanıb. "Air Serbia" bildirib ki, uçuşdan dərhal sonra hava limanının xidmətləri reysin Belqrada qaytarılmasını tələb edən məlumat ötürüblər. Aviaşirkət həmin sərnişinin adını açıqlamayıb. 

"Nova.rs" nəşrinin məlumatına görə, Vulin təyyarəyə yoxlanışdan keçmədən buraxılıb. Nəşr iddia edir ki, hava limanının korporativ təhlükəsizlik üzrə direktoru kamera görüntülərində bu pozuntunu aşkar edərək təyyarənin geri qaytarılması barədə tapşırıq verib. Rəsmi qurumlar bu versiyanı hələ təsdiqləməyib.

Vulin "Informer TV"yə müsahibəsində qaz tədarükü haqqında sazişin müddətinin uzadılmasına nail olmaq üçün Moskvaya getdiyini bildirib. Onun sözlərinə görə, təyyarə qayıtdıqdan sonra o, əvvəlcə digər sərnişinlərlə birlikdə, daha sonra isə ayrıca yoxlanışdan keçib.

"Nova.rs" yazır ki, Vulinlə yanaşı göyərtədə "Srbijagas" şirkətinin direktoru Duşan Bayatoviç və Serbiya Xalq Partiyasının təsisçisi Nenad Popoviç də olub.

"021.rs" saytının məlumatına görə, Bayatoviç "Qazprom" nümayəndələri ilə görüşə gedirmiş. Hər iki şəxsin göyərtədə olması rəsmi olaraq təsdiqlənməyib.

"N1" telekanalının məlumatına görə, bütün sərnişinlər təkrar yoxlanışdan keçərək yenidən təyyarəyə əyləşiblər. "Flightradar24" xidmətinin məlumatına əsasən, ASL 134 reysi Bakı vaxtı ilə təxminən saat 04:56-da yenidən Moskvaya yola düşüb.

Qeyd edək ki, Vulin əvvəllər Serbiyanın Müdafiə və Daxili İşlər nazirliklərinə, həmçinin BİA kəşfiyyat agentliyinə rəhbərlik edib və baş nazirin müavini vəzifəsini tutub.

ABŞ onu beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirakda və Balkanlarda Rusiyanın təsirinə şərait yaratmaqda ittiham edərək sanksiya siyahısına salıb.

Nenad Popoviç Rusiyanın "ABS Electro" sənaye holdinqinin sahibidir və o da ABŞ-nin sanksiya siyahısındadır. Duşan Bayatoviç isə 2008-ci ildən "Srbijagas" şirkətinə rəhbərlik edir və Rusiyanın Novi-Saddakı fəxri konsuludur.