Paşinyan Brüsseldə, Simonyan Moskvada – “İki stul” siyasəti, yoxsa...
Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərdədir. Paşinyan “Avropanın gələcəyi” şüarı altında keçiriləcək “Aİ-nin genişlənməsi üzrə Sammit 2026”da iştirak edəcək. Səfər zamanı, həmçinin xarici tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılıb.
Baş nazirin Brüsselə səfəri o baxımdan diqqət çəkir ki, onun Moskvaya getməsi gözlənilirdi. Sentyabrın 24-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə bildirmişdi ki, Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək.
“Belə bir səfərin yaxın vaxtlarda baş tutacağı ilə bağlı əvvəlki kimi anlaşma mövcuddur”, – deyə Peskov bildirib. Kremlin sözçüsü səfərin dəqiq tarixinin hələ razılaşdırılmadığını qeyd etmişdi. Lakin Paşinyan “yaxın vaxtlarda” Moskvaya yox, Brüsselə getdi. Əvəzində isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskvaya səfər edəcək. Bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. “Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 8-9-da MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşündə iştirak edəcək”, – qərarda deyilib.
Paşinyan Peskovun dediyi kimi, tezliklə Rusiyaya niyə səfər etmədi? Onun Brüsseldəki sammitdə iştirakı tutduğu siyasi xətt barədə bir daha Kremli agah etdimi?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri haqqında müzakirələr davam edərkən Brüsselə getməsi Ermənistanın xarici siyasətindəki dəyişiklikləri yenidən gündəmə gətirib: “Səfərlərin ardıcıllığı ilk baxışda siyasi nümayiş təsiri bağışlayır. Kreml Ermənistanın baş nazirini gözləyir, o isə Avropanın gələcəyinin müzakirə olunduğu tədbirdə iştirak edir.
Bununla əlaqədar 2 məqamı nəzərə almaq lazımdır. Birincisi, Paşinyanın iştirak etdiyi “Aİ-nin genişlənməsi üzrə Sammit 2026” Aİ-nın rəsmi tədbiri yox, "Euronews"un təşkil etdiyi tədbirdir. Tədbirin proqramı Aİ-nın genişlənməsi ilə yanaşı, Avropanın təhlükəsizliyi və strateji muxtariyyət, demokratiya və islahatlar mövzularını əhatə edir. Başqa sözlə, bu sammit Avropa liderlərinin rəsmi toplantısı yox, media platformasında keçən siyasi forumdur.
İkincisi, Paşinyanın Moskvaya səfəri barədə razılaşmanın mövcud olduğunu bildirilsə də, səfərin konkret vaxtı konkret vaxtı göstərilmir. Ona görə də Paşinyanın Brüssel səfərini birmənalı şəkildə əvvəllər razılaşdırılmış rəsmi Moskva görüşünün ləğvi və ya Kremlin dəvətinin açıq şəkildə rədd edilməsi kimi təqdim etmək düzgün olmazdı. Lakin bununla yanaşı, bu səfərin arxasında Ermənistan hakimiyyətinin daha ehtiyatlı diplomatik hesablamalar, həm də getdikcə aydınlaşan strateji seçim göründüyünü də inkar etmək olmaz.
Baş nazirin səfərinin gündəliyi də bunu deməyə əsas verir. Mediada Paşinyanın Avropa Parlamentinin sədri ilə görüşündə ticarət güzəştləri, Avropa Komissiyasının nümayəndəsi ilə danışıqlarında isə iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi qeyd olunub. Bu isə o deməkdir ki, hazırkı şəraitdə Ermənistan hakimiyyəti Avropa istiqamətinə konkret iqtisadi məzmun verməyə çalışır. Ermənistan hakimiyyətinin belə cəhdinin nəticəsi gələcəkdə siyasi yaxınlaşmanın real dayaqlarını müəyyənləşdirəcək amil ola bilər. Mediada yayılan digər məlumata görə, sammitdə çıxış edən Paşinyan Aİ üzvlüyünə müraciət üçün 2027 və ya 2028-ci ili real hesab etdiyini bildirib.
Bu, öz növbəsində Avropa istiqamətinin ümumi niyyət səviyyəsindən mümkün zaman çərçivəsi olan siyasi gündəliyə çevrildiyini göstəricisi hesab oluna bilər. Paşinyanın sammitdəki çıxışındakı əsas məqam Ermənistan üçün alternativ yaratmaq zərurətini vurğulamasıdır. Onun izahına görə, ölkəsinin başqa seçiminin olmadığı barədə təsəvvür dəyişməlidir. Paşinyanın çıxışının siyasi məzmunundan irəli gələn nəticə bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri birmənalı şəkildə kəsmək niyyəti yoxdur, əksinə münasibətləri davam etdirmək istəyir, lakin həmin münasibətlərin alternativsizliyini qəbul etmək istəmir və Aİ-ı Rusiyaya alternativ kimi görür.
Belə yanaşmanın Moskvaya ünvanlanan geosiyasi mənası kifayət qədər aydın təsəvvür olunur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Noyabrın 8-9-da MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşündə iştirak üçün Moskvaya göndərilməsi Rusiya ilə əlaqə kanallarının saxlanıldığını göstərir. Lakin həmin çoxtərəfli görüşü baş nazirin mümkün ikitərəfli səfərinin əvəzi saymaq düzgün olmaz. Görüşlərin formatı, iştirak səviyyəsi və həll edə biləcəyi məsələlər fərqlidir. Lakin bu iştirak Brüsselə yaxınlaşmanın Moskva ilə bütün ünsiyyətin dayandırılması anlamına gəlmədiyinin növbəti göstəricisi hesab oluna bilər.
Başqa sözlə, Ermənistan hakimiyyəti Avropa ilə yaxınlaşaraq Rusiya ilə danışıqlarda daha geniş manevr imkanı qazanmaq istədiyini gizlətmir. Xarici tərəfdaşların sayının artması kiçik dövlətə seçim imkanı verir. Ancaq geosiyasi alternativin siyasi bəyanatlarda mövcudluğu ilə iqtisadi və institusional baxımdan real və işlək olması eyniləşdirmək olmaz. Brüsselə yaxınlaşmanın davamlılığı görüşlərin sayından çox, əldə edilən imkanların Ermənistan iqtisadiyyatına və dövlət institutlarına nə dərəcədə keçəcəyindən asılı olacaq.
Lakin Ermənistan hakimiyyətinin manevr imkanları hüdudsuz deyil. Bu imkanın konkret institusional sərhədi var. Bu sərhəd eyni zamanda paralel olaraq həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqına tam üzvlüyün mümkün olmamasıdır. Ermənistan hakimiyyəti də bu mümkünsüzlüyü edir və Avropa istiqamətində irəliləyişin müəyyən mərhələdə mövcud inteqrasiya öhdəlikləri barədə qərar tələb edəcəyinin fərqindədir”.
Siyasi şərhçiyə görə, hazırkı şəraitdə Paşinyan hökuməti bu qərarın mümkün siyasi və iqtisadi nəticələri və risklərini idarə etməyə çalışır: "Məsələyə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqları baxımından yanaşdıqda Ermənistan baş nazirinin hansı paytaxta daha tez səfər etməsinin regional sülhə, qarşılıqlı öhdəliklərin icrasına və kommunikasiyaların açılmasına necə təsir göstərməsi əhəmiyyətlidir. Avropa ilə yaxınlaşma regional əməkdaşlığı möhkəmləndirərsə, bunun praktik nəticələri ola bilər. Rəqabət aparan güc mərkəzlərinin qarşıdurmasını regiona daşıyarsa, əlavə qeyri-müəyyənlik yaradacaq.
Bütövlükdə Paşinyanın növbəti Brüssel səfərini Kreml üçün Ermənistan hakimiyyətinin artıq elan etdiyi strateji istiqamətin daha konkret ifadəsi kimi qiymətləndirmək daha düzgün yanaşma olardı. Moskvaya səfərin gecikməsinin səbəbi barədə aydınlıq olmasa da, Brüsseldə verilən mesaj aydındır. Ermənistan rəhbərliyi gələcəyini yalnız Rusiya ilə münasibətlər çərçivəsində müəyyənləşdirmək istəmir. İndi bu siyasətin əsas sınağı Avropa perspektivini real imkanlara çevirmək və keçid dövrünün xərclərini idarə etmək olacaq".