Onkoloji xəstəliklər icbari tibbi sığorta ilə qarşılanacaq?
"Əhali arasında ən çox itki verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, ambulator müalicə alan xəstələrin dərman vəsaitləri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanması məsələsi də insanları narahat edən məsələlərdir:
"Bu barədə çox danışmışıq, həm Milli Məclisdəki tədbirlərdə, həm büdcə müzakirəsində hökumətin hesabatında. Lakin təəssüf ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problemlər öz həllini tapmayıb. Əminliklə demək olar ki, belə böyük bir büdcə ilə növbəti ildə bu məsələ öz müsbət həllini tapacaq".
O, əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasını da vurğulayıb:
"Bu, xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr sıxıntıları var".//Oxu.az