📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ölkə iqtidarını tənqid etdi - “Bu qalmaqal AKP-nin sonunu gətirəcək”

2026-10-21 17:05:24

Ölkə iqtidarını tənqid etdi - “Bu qalmaqal AKP-nin sonunu gətirəcək”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Kemal Albayrak partiya rəhbərliyini və ölkə iqtidarını kəskin tənqid edib.

Hurriyyet.net xəbər verir ki, o, Türkiyənin dərin böhranla üzləşdiyini bildirib.

Albayrakın sözlərinə görə, hakimiyyət vəziyyəti nə qədər ört-basdır etməyə çalışsa da, ölkədə baş verən proseslərin qarşısını almaq mümkün olmayacaq. Onun fikrincə, “fon skandalı” adlandırılan bu böhran AKP-nin hakimiyyəti itirməsi ilə nəticələnəcək.  

Keçmiş partiya üzvü AKP-ni dövlət strukturlarını ələ keçirməkdə ittiham edib. O, hakimiyyətin mütəşəkkil cinayətkar qrupların idarə etdiyi bir sistemə çevrildiyini iddia edərək dövlətin imkanlarının partiyaya yaxın şəxslərə və hakimiyyət nümayəndələrinin ailə çevrəsinə yönəldildiyini vurğulayıb.

Albayrak həmçinin iqtidarın öz maraqlarına uyğun dini və ideoloji çərçivə formalaşdırdığını, lakin real əməllərinin ictimaiyyətə bəyan etdiyi dəyərlərlə ziddiyyət təşkil etdiyini bildirib.

AKP-nin qurucularından olan Kemal Albayrakın bu ittihamları Türkiyədə müzakirələrə səbəb olub.

Qeyd edək ki, hazırda Türkiyənin gündəmini “fon skandalı” adlandırılan nəhəng maliyyə qalmaqalı zəbt edib. Bu hadisə təkcə maliyyə bazarında baş vermiş böhran deyil, siyasi himayədarlıq, iqtisadi gücün müəyyən çevrələrdə cəmləşməsi və hakimiyyət təmsilçilərinin korrupsiya girdabına bulaşması ilə əlaqələndirilir. Qalmaqalın arxasında məhz AKP-yə yaxın şəxslərin dayandığı iddia edilir. Belə ki, qalmaqalda keçmiş nazir Fatma Betül Sayan Kaya, onun həyat yoldaşı İlyas Kaya və AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı kimi şəxslərin adlarının hallanması korrupsiyanın dövlətin ən üst pillələrinə qədər çatdığını nümayiş etdirir. Bu hadisələr fonunda AKP sədrinin müavini olan Fatma Betül Sayan Kaya sentyabrın sonlarında istefa verib.