“O, təkcə “Yango” sürücüsü kimi deyil, əsl insan və qayğıkeş ata kimi davranıb” - Fotolar
“Yango” xidmətinin sürücü-tərəfdaşı üçün adi iş günü əsl xilasetmə əməliyyatına çevrilib.
Bu barədə Hurriyyet.net şirkətdən məlumat verilib. Sürücünün təmkinli davranışı və peşəkarlığı sayəsində doğuş sancıları başlayan Bakı sakini vaxtında xəstəxanaya çatdırılıb.
Hadisə təxminən bir ay əvvəl baş verib. “Yango”nun sürücüsü Elvin Bədəlov Binə qəsəbəsində sifariş üzrə göstərilən ünvana gəlib. Bu zaman həyəcanla avtomobilə yaxınlaşan bir kişi hamilə həyat yoldaşının həkimə çatdırılmalı olduğunu bildirib.
Özü iki uşaq atası olan sürücü çaşqınlığa qapılmadan qadının ön sərnişin oturacağında mümkün qədər rahat uzanmasına kömək edib. E.Bədəlov dərhal yola düşərək birbaşa xəstəxanaya üz tutub. Sürücünün çevik reaksiyası və özünəinamlı davranışı sayəsində ananı vaxtında həkimlərə təhvil vermək mümkün olub.
“Yango” şirkəti isə bu əməli diqqətdən kənarda qoymayıb. Şirkət sürücünü ofisə dəvət edərək insanlara kömək etməyə hazır olduğuna və başqalarının vəziyyətinə biganə qalmadığına görə ona şəxsən təşəkkür edib, xatirə hədiyyələri təqdim edib. Ailənin yeni üzvünün dünyaya gəlməsi münasibətilə onları təbrik etmək üçün “Yango” yeni doğulmuş körpəyə və valideynlərinə də sürpriz hazırlayıb.
“Yango”nun Bakı ofisinin rəhbəri Müşviq Həsənov hadisəni belə şərh edib: “Bizim üçün “Yango”da ən vacib olan insanlardır. Texnologiyalar öz yerində, lakin xidmətimizin əsl mahiyyətini məhz belə hadisələr göstərir. Bizimlə əməkdaşlıq edən bu qədər həssas və məsuliyyətli sürücülərlə qürur duyuruq. Azərbaycanda çətin anlarda bir-birinə kömək etmək həmişə ənənə olub və tərəfdaşımızın bu addımı da bunun bariz nümunəsidir. O, həmin vəziyyətdə sadəcə sürücü kimi deyil, hər dəqiqənin nə qədər qiymətli olduğunu anlayan əsl insan və qayğıkeş ata kimi davranıb. Ona ürəkdən təşəkkür edirik”.
Dünyaya gələn körpənin atası Adil Hidayətov da yaşadığı hissləri bölüşüb: “Həmin an çox həyəcanlı idik, lakin sürücü vəziyyətin nə qədər ciddi olduğunu dərhal anladı, həyat yoldaşımın avtomobildə mümkün qədər rahat oturmasına kömək etdi və bizi bir an belə dayanmadan, sürətlə xəstəxanaya çatdırdı. Bu qeyri-adi xidmətə və dəstəyə görə “Yango”ya çox təşəkkür edirik. Siz nişan mərasimimdə də, toyumda da yanımda olmusunuz, indi isə xəstəxanaya gedərkən həyatımızın ən vacib anında bizə kömək etdiniz. Bu gün körpəmizin artıq bir ayı tamam olur. Göstərdiyiniz köməyə və qayğıya görə sizə ürəkdən minnətdarıq”.

