Nərimanovda Prezidentin YAP-dakı çıxışı ilə bağlı müşavirə - Fotolar
Oktyabrın 22-də Nərimanov Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə təşkil edilib.
Hurriyyet.net xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Müşavirə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Müşavirədə geniş məruzə ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin əsasını qoyub. Bu mərhələdə milli təhlükəsizliyin daha da gücləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi qarşıda duran başlıca vəzifələr sırasındadır.
Elgin Həbibullayev dövlət başçısının VIII Qurultaydakı çıxışında ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun təşkil edilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesə fəal cəlb olunması ilə bağlı müəyyən etdiyi istiqamətlərin əhəmiyyətini xüsusi qeyd edib.
Müşavirədə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, rayonun 212 və 34 nömrəli tam orta məktəblərinin direktorları Sevil Cavadova və şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, Əməkdar müəllim Səmayə Səlimova, SOCAR-ın “Kompleks Qazma İşləri” trestinin müdiri Rəşad Əsgərov, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Nurlana Əliyeva, Vətən müharibəsi iştirakçısı, III dərəcəli Vətən müharibəsi əlili İlham Əliyev çıxış ediblər.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, ölkəmizdə milli birliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsindən, Azərbaycanın iqtisadi potensialının artırılması və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində əldə edilən nailiyyətlərdən bəhs ediblər. Vətən müharibəsində qazanılmış tarixi Qələbənin və dövlət suverenliyimizin tam bərpasının xalqımızın həyatında müstəsna əhəmiyyət daşıdığı vurğulanıb.
Bununla yanaşı, gənclərin milli dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda yetişdirilməsi, Azərbaycan tarixinin və tarixi həqiqətlərin gənc nəslə düzgün çatdırılması, informasiya təhlükəsizliyinin təmin olunması və rəqəmsal mühitdə meydana çıxan yeni çağırışlara qarşı maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələlərinə toxunulub. Təhsil müəssisələrində və məktəbdənkənar fəaliyyətlərdə müasir maarifləndirmə metodlarından daha geniş istifadənin vacibliyi diqqətə çatdırılıb.
Müşavirənin yekununda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirdiyi prioritetlərə uyğun olaraq Nərimanov rayonunda həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi və bu istiqamətdə dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.







