📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Monakoda üzümçülük və şərabçılıq ənənələrimiz təqdim olunub - Fotolar

2026-11-14 19:23:51

Monakoda üzümçülük və şərabçılıq ənənələrimiz təqdim olunub - Fotolar

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monako Knyazlığında səfərdə olub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində əvvəlcə dünyanın müxtəlif ölkələrinin şərabçılıq ənənələrini, tarixi şərab nümunələrini və zəngin şərab kolleksiyalarını özündə birləşdirən ixtisaslaşmış müəssisəyə baş çəkilib. Tanışlıq zamanı bu sahədə formalaşmış zəngin təcrübə barədə məlumat əldə olunub.

Sonra Azərbaycan nümayəndə heyəti “Francs de Pied: Heritage” Assosiasiyasının Yüksək Toplantısında iştirak edib. Tədbirdə Monako şahzadəsi II Albert, müxtəlif ölkələrdən rəsmi şəxslər, müvafiq dövlət qurumları nümayəndələri, üzümçülük və şərabçılıq şirkətlərinin rəhbərləri, dünyanın nüfuzlu investorları, maliyyə və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Nazir Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun modernləşdirilməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə üzümçülük və şərabçılıq sahəsində mövcud ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan qədim üzümçülük və şərabçılıq tarixinə, zəngin yerli üzüm sortlarına və əlverişli təbii-iqlim şəraitinə malikdir. Bu potensialın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, istehsal imkanlarının genişləndirilməsi, məhsulların beynəlxalq bazarlara çıxarılması və sahəyə xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir.

Beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən investorlar, maliyyə institutlarının və iri biznes strukturlarının nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanın aqrar sektorunda, xüsusilə üzümçülük və şərabçılıq sahəsində mövcud investisiya imkanları, həyata keçirilən islahatlar və əməkdaşlıq perspektivlərinə toxunulub, ölkəmizdə üzümçülük və şərabçılığın tarixi ənənələri, Zəngilan və Göygöl rayonlarında salınmış yerli calaqsız üzüm bağları barədə məlumat verilib. Həmçinin ölkəmizdəki qədim calaqsız üzüm sortlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və “Francs de Pied: Heritage” ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb.