📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı

2026-11-04 22:57:22

Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı

Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.

Hurriyyet.net Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks olunması diqqət çəkib.

Belə ki, xəstələrin görüntülərinin çəkilərək sosial şəbəkələrdə "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim edilməsi narazılığa səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir.

"Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür", - deyə nazirlikdən bildirilib.