Lənkəranda zəhərlənən şəxslər ata, ana və yeddi övlad imiş
Lənkəran rayonunda qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şəxslərin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, onlar 38 yaşlı Sadiq Niftullayev, həyat yoldaşı 31 yaşlı Camalə Niftullayeva, övladları 13 yaşlı Ş.N., 11 yaşlı T.N., 9 yaşlı M.N., 7 yaşlı Z.N., 5 yaşlı M.N., 3 yaşlı Ə.N. və 1 yaşlı X.N.-dir.
Ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Tibb müəssisəsindən bildirilib ki, ailəyə ilkin tibbi yardım göstərilməsi və müalicənin aparılması təklif olunsa da, onlar bundan imtina edərək xəstəxananı öz istəkləri ilə tərk ediblər.
Məlumata görə, ailə başçısı həyat yoldaşı və uşaqları ilə eyni palatada yerləşdirilmələrini, övladlarına göstərilən tibbi xidmətin özünün nəzarəti altında həyata keçirilməsini tələb edib.
Ailənin müalicədən imtina etməsi ilə bağlı müvafiq akt tərtib olunaraq aidiyyəti üzrə göndərilib.