📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kök bir, gövdə bir, mübarizə birdir

2026-10-28 15:26:20

Kök bir, gövdə bir, mübarizə birdir

Dost Partiyasının sədr müavini Serkan Torunun Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarına və Türk dünyasında birlik anlayışına diqqət çəkən mesajlarla yadda qalıb.

Son günlər Türkiyə ilə Azərbaycan arasında yaşanan bəzi müzakirələrin süni polemikalara çevrilməsinə qarşı çıxan Serkan Torun səfəri zamanı birlik və qardaşlıq vurğusu edib. Torun iki ölkə arasındakı bağların gündəlik mübahisələrdən daha üstün olduğunu, ortaq tarixə və ortaq gələcək anlayışına söykəndiyini bildirib.

Dost Partiyasının sədri Rıdvan Eşinin Azərbaycanla bağlı açıqlamasında səsləndirdiyi “Kök də, gövdə də türkdür” sözlərinin bu anlayışı ümumiləşdirdiyini qeyd edən Torun belə danışıb: “Bu və ya digər səbəbdən budaqlarımız ayrı istiqamətlərə uzanmış, aramızda incikliklər və küskünlüklər yaşanmış ola bilər. Lakin unudulmamalıdır ki, bu ağacın da kökü, da gövdəsi birdir. Fikir ayrılıqları və könül inciklikləri ola bilər, amma bu davanın mayası birdir. Həmin mayanı yaşadan Türk dünyasının ortaq gələcəyidir”.

Türkiyə və Azərbaycan xalqlarının tarixi və mədəni bağlarına diqqət çəkən Torun ayrılıq dilinin əvəzinə qucaqlaşma və həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib: “Türkün türklə düşmənçilik dili ilə danışması ortaq davamıza zərər vurur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı qorumaq, gücləndirmək və ortaq dəyərlər ətrafında birləşmək bu gün hər zamankından daha vacibdir”.
Serkan Torunun Azərbaycana səfərinin birlik və qardaşlıq mesajı daşıdığını bildirən Dost Partiyasının rəsmiləri Türkiyə ilə Azərbaycan arasındakı könül bağlarının qorunmasının əhəmiyyətinə diqqət çəkiblər.

Torun sözlərini belə tamamlayıb: “Ayrışma deyil, qucaqlaşma vaxtıdır. Türk dünyasının birliyi və həmrəyliyi önəmlidir. Nə mutlu türkəm deyənə!”.