📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

2026-10-30 18:51:17

Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş tədbir keçirilib.

Hurriyyet.net  xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib.

Nazir bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.

M.Məmmədov əlavə edib ki, mayın 25-də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır: “Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.

Nazir vurğulayıb ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi zəruridir: “İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır”.

Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi aqrar inkişaf strategiyası kənd təsərrüfatının modernləşdirilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, fermerlərin dövlət dəstəyi ilə əhatə olunmasını və yerli istehsalın artırılmasını əsas hədəflər kimi müəyyən edir: “Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı kənd təsərrüfatının dayanıqlı inkişafı, regionların sosial-iqtisadi tərəqqisi və kənd əhalisinin rifahının yüksəldilməsi üçün mühüm zəmin yaradır”.

Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, kənd təsərrüfatı ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri olmaqla, həyata keçirilən islahatlar, dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aqrar sahəyə dair yeni Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı emal imkanlarının genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması sektorun uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirir”.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi tərəfindən hazırlanmış, Azərbaycanın aqrar inkişaf yolunun əsas mərhələlərini, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları, əldə olunan nailiyyətləri və gələcək inkişaf perspektivlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeli qurumlarının əməkdaşlarına, eləcə də “Əməkdaşların Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.