📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kadırov ailəsinin adı 50 milyonluq qızıl qaçaqmalçılığında

2026-11-05 10:22:09

Kadırov ailəsinin adı 50 milyonluq qızıl qaçaqmalçılığında

Rusiyada qızıl qaçaqmalçılığı ilə bağlı aparılan cinayət araşdırmasında Çeçenistan rəhbəri Ramzan Kadırov yaxın adamların adı hallanır.

Musavat.com xəbər verir ki, məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə nəqliyyat idarəsi Türkiyəyə qızıl qaçaqmalçılığı ilə bağlı cinayət işini iki ilə yaxındır yekunlaşdıra bilmir.

İstintaq materiallarında yeddi cinayət epizodunun olduğu bildirilir. Lakin jurnalistlərin mənbələrinin iddiasına görə, müstəntiq 2026-cı ilin avqustundan bəri əsas fiqurantı istintaq hərəkətlərinə gətirməyə belə cəsarət etmir.

“Qızıllar mənim deyil, Kadırovlarındır”

Araşdırmada qaçaqmalçılıq şəbəkəsinin rəhbəri kimi Medni Babiyevanın adı çəkilir.

Hazırda Çeçenistanda olduğu bildirilən Babiyeva qızılların ona deyil, Kadırov ailəsinə məxsus olduğunu, özünün isə ailənin bizneslərindən birində sadəcə menecer kimi çalışdığını iddia edir.

Jurnalistlərin məlumatına görə, cinayət işində Ramzan Kadırovun mərhum böyük qardaşı Zelimxan Kadırovun həyat yoldaşı Razet Kadırovanın da adı keçir.

Razet Kadırova Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırovun anasıdır.

İstintaqın versiyasına əsasən, Babiyeva Razet Kadırovadan ortaq biznes üçün 50 milyon rubl alıb. Razılaşmaya görə, gəlir və zərər tərəflər arasında bərabər bölünməli idi.

Babiyevanın ilkin ifadələrinə əsasən, həmin vəsaitlə qızıl alınaraq Türkiyədə satılıb.

İstanbulda qızıl satan “şirniyyatçı”

Araşdırmada Babiyevanın övladlarının da qaçaqmalçılıq sxemində iştirak etdiyi iddia olunur.

Onun oğulları Səid Məhəmməd Yusupov və Səid Hüseyn Yusupovun bu fəaliyyətə cəlb olunduğu, Həmzət Kadırovla dostluq münasibətlərinin olduğu bildirilir.

Şəbəkənin Türkiyə istiqamətində əsas fiquru isə Babiyevanın qızı Limda Babiyeva hesab edilir.

Jurnalistlərin iddiasına görə, Türkiyədə yaşayan Limda kuryerlərdən qızılları qəbul edir, İstanbulda satışını təşkil edir və əldə olunan pulları Rusiyaya göndərir.

Maraqlıdır ki, o, Türkiyədə özünü şirniyyatçı və aşpaz kimi təqdim edir.

İki milyon dollarlıq başqa qalmaqal

Nəşrlərin mənbələri Babiyeva-Yusupov ailəsinin əvvəllər də qanunsuz fəaliyyətlə məşğul olduğunu iddia edirlər.

Məlumata görə, 2020–2022-ci illərdə ailə Çeçenistanda torpaq sənədlərinin saxtalaşdırılması yolu ilə təxminən 2 milyon dollarlıq dələduzluq həyata keçirib.

Bu iddialara baxmayaraq, Limda Babiyevanın məsuliyyətə cəlb olunmadığı bildirilir.

Hava limanında saxlanıldı, xəstəxanadan sonra yoxa çıxdı

Araşdırmada Medni Babiyevanın istintaqdan yayınmaq cəhdinə də toxunulur.

İddiaya görə, Türkiyəyə uçmaq istəyərkən hava limanında saxlanılan qadın özünü qəfil xəstələnmiş kimi göstərib və xəstəxanaya yerləşdirilib.

Bir neçə həftə xəstəxanada qaldıqdan sonra isə Qroznıda ortaya çıxaraq qaçaqmalçılıq fəaliyyətini idarə etməyə davam edib.

Jurnalistlər hesab edirlər ki, istintaqın uzanmasının əsas səbəbi cinayət işində Kadırov ailəsinin adının hallanması ola bilər.

Qeyd edək ki, nəşrlərin irəli sürdüyü ittihamlar məhkəmə hökmü ilə təsdiqlənmiş faktlar deyil. Kadırov ailəsinin və adıçəkilən şəxslərin bu iddialara münasibəti təqdim olunan materialda yer almır.