İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
İsraildə dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
Hurriyyet.net xarici mətbuata istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-a qədər səslərin 41,9%-i sayılıb.
Son məlumatlara görə, hazırkı Baş nazir Benyamin Netanyahunun tərəfdarlarının bloku Knessetdə 57, müxalifət isə 47 yer əldə edir. Əsasən ərəb partiyalarından ibarət olan “Birləşmiş Siyahı” koalisiyası və RAAM ümumilikdə 16 yer qazanır.
Beləliklə, hazırkı vəziyyətə görə, əsas bloklardan heç biri parlament üstünlüyü üçün lazım olan 61 yeri əldə etməyib.
Partiyalara gəlincə, Netanyahunun lideri olduğu “Likud” parlamentdə 28, İsrail Müdafiə Ordusunun Baş qərargahının keçmiş rəisi Qadi Ayzenkotun “Yaşar” partiyası 21, “Beyaxad” 11 yer alır. “Birləşmiş Siyahı” 12 mandat, “Birləşmiş Tövrat Yəhudiliyi” və “Bizim Evimiz İsrail” partiyası isə hər biri 8 mandat əldə edir.
Qeyd edək ki, seçkidə 36 partiyadan olan namizədlər 120 yer uğrunda mübarizə aparır. Partiya Knessetdə təmsil olunmaq üçün səslərin azı 3,25 faizini toplamalıdır. Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.