İranın Xəzər planı: Ad dəyişikliyinin arxasında NƏ DAYANIR?
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif hökumətə müraciət edərək Xəzər dənizinin rəsmi adının “Kaspian” olaraq təsdiqlənməsini təklif edib. Bu təşəbbüs isə tarixi adlandırma məsələsi ilə yanaşı, siyasi və geosiyasi müstəvidə də suallar doğurur.
Bəs İranın bu təklifinin arxasında hansı məqsədlər dayanır? Ad dəyişikliyi Azərbaycanın maraqlarına necə təsir edə bilər?
Mövzu ilə bağlı Hurriyyet.net açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Xəzər dənizinin adının dəyişdirilməsi hazırda aktual məsələ deyil və belə bir dəyişikliyin hansı zərurətdən irəli gəldiyi aydın deyil.
"Əgər bu məsələ hər hansı problem yaradırsa, o zaman tərəflər mövzu ətrafında müzakirələr apara bilərlər. Lakin bu ad Azərbaycan üçün heç bir problem yaratmır. Xəzər adı Azərbaycanda tarixən qəbul edilmiş addır və ölkənin tarixi-mədəni irsində özünəməxsus yer tutur".

Fazil Mustafa: "Bu ad Azərbaycan üçün heç bir problem yaratmır"
Deputat qeyd edib ki, Xəzər adı tarix boyu Azərbaycanın hidronim sistemində, fəlsəfi və ədəbi mətnlərində öz əksini tapıb. Buna görə də adın dəyişdirilməsi Azərbaycan maraqlarına uyğun deyil.
Tarixçi Boran Əziz məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranın siyasi xadimləri zaman-zaman Xəzər dənizinin adının dəyişdirilməsi, özlərinə sərf edən adlarla əvəz olunması ilə bağlı çıxışlar ediblər.
Onun sözlərinə görə, bu çıxışlar elmi həqiqətlərin ortaya qoyulması və gerçəkliyin üzə çıxarılması məqsədi daşımayıb, əksinə, siyasi ambisiyalardan irəli gəlib.
"İranın siyasi xadimləri vaxtilə Xəzər dənizini “Mazandaran gölü” adlandırmaq istəyiblər. Hətta Azərbaycan Prezidenti Heydər Əliyevin İrana səfəri zamanı bu ölkənin keçmiş prezidenti Haşimi Rəfsəncani də belə bir iddia ilə çıxış edib. Heydər Əliyev həmin vaxt bu iddiaya olduqca elmi və məntiqli cavab verib. Bundan bir qədər əvvəl də İran tərəfi oxşar iddia ilə çıxış etmişdi'.

Tarixçi: "Söhbət geosiyasi iddialardan gedir"
Boran Əziz hesab edir ki, İranda daxili siyasi vəziyyət kəskinləşəndə əhalinin diqqətini ölkənin əsas daxili problemlərindən yayındırmaq üçün bu cür iddialar gündəmə gətirilir.
"İranın bu iddiaları Xəzər dənizi ilə yanaşı, Qafqaz dağlarına və Qafqazda yaşayan xalqların ərazilərinə də yönəlmiş maraqların göstəricisidir. Tarixçi bunu həmin əraziləri yenidən öz dövlətlərinin tərkibinə qatmaq niyyətinin nümayişi kimi qiymətləndirib. Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı növbəti təklifə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Söhbət elmi yanaşmadan deyil, siyasi və geosiyasi iddialardan gedir".
Tarixçi bildirib ki, əgər İranın dövlət xadimləri həqiqətən də dənizin adının dəyişdirilməsində maraqlı olsaydılar, ilk növbədə Xəzərsahili vilayətlərin alimlərini bir araya toplayar, qədim və orta əsr mənbələrini, eləcə də tarixi xəritələri araşdırardılar. Daha sonra dənizə verilən adlarla bağlı ümumi fikir formalaşdıraraq ortaq qərara gələ bilərdilər.
"Məsələnin birtərəfli qaydada gündəmə gətirilməsi bir daha göstərir ki, bu təşəbbüs elmi zərurətdən deyil, siyasi ambisiyalardan irəli gəlir", - deyə o əlavə edib.