İranın Hörmüz şərtlərində kəskin dəyişiklik: İddialı tələblərdən 1 xahişə...
İran ABŞ-a Hörmüz boğazını açmağı təklif edib. Musavat.com xəbər verir ki, məlumatı Associated Press-ə İranın Pakistanın İslamabad şəhərindəki səfiri Rza Əmiri Moqadam açıqlayıb.
Diplomatın sözlərinə görə, Tehran bu yaxınlarda Pakistan vasitəsilə Vaşinqtonun İran limanlarının dəniz blokadasını ləğv edəcəyi təqdirdə Hörmüz boğazını yenidən açmaq istəyini bildirib.
O, həmçinin ABŞ prezidenti Donald Trampı bu təklifi rədd etməkdə və İran limanlarının blokadasının davamında israr etməkdə günahlandırıb. Rza Əmiri Moqadam həmçinin əlavə edib ki, İran iyun ayında Pakistanın vasitəçiliyi ilə müharibəyə son qoymaq üçün əldə edilən müvəqqəti razılaşma çərçivəsində ABŞ ilə danışıqlara açıqdır.
Qeyd edək ki, İranın təklifi barədə ilk məlumatı “Əl-Ərəbiyyə” adı açıqlanmayan İran rəsmisinə istinadən yaymışdı. Pakistandakı səfirin açıqlaması onun doğru olduğunu göstərir.
İranın son təklifi ABŞ blokadasının ölkəyə çox ağır zərbə vurmasından xəbər verir. Belə ki, sentyabr ayına qədər İran Hörmüzü açmaq üçün ABŞ-ın bölgədən tam çıxması, İrana təzminat ödəməsi və sair iddialı tələblər irəli sürürdü. İndi isə bu tələblərin hamısı kənara qoyulub, yalnız blokadanın götürülməsi ön plana keçib.