📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

2026-11-05 15:35:42

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlər hərbi xidmətə çağırış qaydaları, möhlət hüququnun əhatə dairəsi və mümkün qanunvericilik dəyişiklikləri ilə bağlı müzakirələr də diqqət çəkir.

Bəs, hansı hallarda gənclər hərbi xidmətə çağırışdan tamamilə azad edilə və ya onlara möhlət verilə bilər? Sağlamlıq, təhsil və ailə vəziyyəti ilə bağlı güzəştlər hansı meyarlarla müəyyən olunur və bu sahədə hansı yeni dəyişikliklər gündəmdədir?
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Mövzu ilə bağlı Sonxeber.az-a  açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, üanunvericilikdə nəzərdə tutulan hallara əsasən, ali təhsil alan şəxslərə, yəni bakalavr, magistratura və doktorantura pillələrində əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət verilir.

"Əvvəlki illərdə tələbələrdən təhsil aldıqları müəssisəyə qəbul olunduqlarını və əyani təhsil aldıqlarını təsdiq edən arayışı bir dəfə təqdim etmək tələb olunurdu. Yeni qaydalara əsasən isə həmin arayış hər il təqdim edilməlidir. Bu yanaşma müəyyən mənada əsaslıdır. Çünki bəzi şəxslər təhsil müddətində sessiyaları başa vurmadan təhsildən ayrılır, intizamsızlıq və digər səbəblərdən tələbə statuslarını itirirdilər. Belə hallarda onların hərbi xidmətdən möhlət hüququ da aradan qalxırdı. Lakin əvvəlki qaydada arayış təqdim edildikdən sonra həmin şəxslərin təhsillərini müəyyən edilmiş müddətədək davam etdirəcəkləri nəzərdə tutulurdu. Hazırda bu sahədə yeni yanaşmalar və müxtəlif təkliflər müzakirə olunur. Hesab edirəm ki, özünü elmə və təhsilə həsr etmiş gənclər üçün şərait yaradılmalıdır ki, onlar təhsilin bütün pillələrini başa vura bilsinlər. Çünki bu gənclər gələcəkdə Vətənə, torpağa və xalqa elm adamı kimi xidmət etmək üçün özlərini hazırlayırlar".

Ekspert bildirib ki, hələlik bu istiqamətdə təkliflər qanunvericilikdə təsdiqini tapmasa da, maraqlı yanaşmalar mövcuddur:

"Məsələn, mənim də dəfələrlə irəli sürdüyüm təkliflərdən biri alternativ xidmət haqqında qanunun qəbul edilməsidir. Bu qanunun qəbul edilməsi məsələsi hələ 1990-cı illərdən müzakirə mövzusu olaraq qalır. Həmin dövrdə Qarabağ məsələsi ilə bağlı vəziyyət bu istiqamətdə qərarların qəbuluna təsir göstərirdi. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduğuna görə alternativ xidmət haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Çünki bu imkandan yararlanmaq istəyən onlarla, yüzlərlə, hətta minlərlə çağırışçı ola bilər. Sağlamlıq, təhsil və ailə vəziyyəti ilə bağlı güzəştlərə gəldikdə isə, onların müəyyənləşdirilməsi müvafiq meyarlar əsasında həyata keçirilir".

Onun sözlərinə görə, sağlamlıq vəziyyəti ilə əlaqədar son dövrlərdə müəyyən dəyişikliklər edilib:

"Əvvəllər uzun müddət sağlamlıq səbəbindən hərbi xidmətdən möhlət hüququ əldə etmiş şəxslər hazırda yenidən tibbi müayinədən keçirilirlər. Bu müayinələr Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq həkim  komissiyaları tərəfindən aparılır. Nəticədə bəzi şəxslər əvvəlki diaqnozlarına baxmayaraq, hərbi xidmətə yararlı hesab edilirlər. Təhsillə bağlı möhlət hüququ isə bakalavr, magistratura və doktorantura pillələrində əyani təhsil alanlara şamil olunur. Ailə vəziyyətinə görə möhlət hüququ ilə bağlı əvvəlki güzəştlər isə artıq məhdudlaşdırılıb. Hazırda bu güzəşt üç və daha çox uşağı olan şəxslərə şamil edilir. Yəni həqiqi hərbi xidmətə çağırılan şəxsin üç və ya daha çox övladı varsa, ona hərbi xidmətdən möhlət hüququ verilir. Bununla belə, çağırış yaşında üç və daha çox uşağı olan şəxslərin sayı çox azdır. Ona görə də bu güzəştdən yararlananların sayı da kifayət qədər məhduddur".