Fransada 60 etirazçı və 19 polis yaralanıb
Fransanın müxtəlif şəhərlərində prezident Emmanuel Makron rejiminə qarşı keçirilən etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hadisələr nəticəsində azı 60 nümayişçi xəsarət alıb.
Modern.az “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldığı açıqlanmayıb.
Toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı da yaralanıb. Lakin bu rəqəmlərin tam olmadığı bildirilir. Belə ki, təkcə Marseldə iğtişaşların və qarət hadisələrinin qarşısının alınması zamanı 19 polis əməkdaşı xəsarət alıb.
Parisdə isə bir neçə jandarm üzərinə yandırıcı qarışıq olan pirotexniki vasitələr atılması nəticəsində yanıq xəsarətləri alıb.
Qeyd edək ki, şənbə günü Fransada etiraz aksiyaları yenidən geniş vüsət alıb. Ölkə üzrə nümayişlərdə 320 mindən çox insan iştirak edib.