Etirazçılara qarşı ordudan istifadə edəcəklər
Fransa hakimiyyəti noyabrın 24-nə planlaşdırılan etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirir.
Hurriyyet.net “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, hökumət etirazçılara qarşı ordudan, xüsusi təyinatlı qüvvələrdən və zirehli texnikadan istifadə etmək barədə qərar qəbul edib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, kütləvi iğtişaşların qarşısını almaq üçün küçələrdəki polis əməkdaşlarının sayı ötən həftəyə nisbətən 20% artırılacaq, həmçinin hərbçilər cəlb olunacaq. Polislərin ən azı 75%-nin səfərbər ediləcəyi gözlənilir.
Bundan başqa, etirazçılara qarşı helikopterlərdən, su şırnaqlarından və “Centaure” tipli zirehli maşınlardan istifadə olunacağı bildirilir.
“Qərar təkcə Parisi deyil, Fransanın bir çox şəhərlərini əhatə edir. Hər yerdə genişmiqyaslı əməliyyatlar keçiriləcək”, - Fransa polisinin məlumatında deyilir.
Qeyd edək ki, son həftələrdə Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Ötən həftəsonu baş tutan aksiyaların səbəb olduğu iğtişaşlar zamanı 3 minədək mağaza qarət edilib, təxminən 2700 nəfər saxlanılıb. Oktyabrın 24-nə planlaşdırılan etirazlarda ölkə üzrə 400-500 min nəfərin iştirak edəcəyi gözlənilir.