📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanda müxalifət öz içində rəqib axtarır

2026-10-27 17:25:41

Ermənistanda müxalifət öz içində rəqib axtarır

Ermənistanda oktyabrın 25-də keçirilmiş yerli özünüidarəetmə seçkilərinin nəticələri müxalifət düşərgəsində yeni müzakirələrə səbəb olub. Hakim “Vətəndaş müqaviləsi” partiyasının böyük üstünlük qazandığı seçkilərdən sonra müxalif siyasi qüvvələrin zəifliyi, onların bir-biri ilə münasibətləri və Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərinə yanaşması gündəmə gəlib.

Hurriyyet.net  erməni mediasına istinadən xəbər verir ki, politoloq Suren Surenyants “Oraqir” proqramında çıxışı zamanı seçkilərin nəticələrini şərh edib.

Surenyants iddia edib ki, hakimiyyət əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə müxalifətin uğur qazanmaq imkanlarını hələ səsvermədən əvvəl məhdudlaşdırmağa çalışıb. O, buna nümunə kimi Stepanavan şəhərində baş verən hadisələri göstərib.

Politoloqun sözlərinə görə, həmin şəhərdə 24 nəfərə qarşı cinayət ittihamı irəli sürülüb, ondan çox şəxs həbs edilib. Müxalif “Güclü Ermənistan” partiyasının merliyə namizədi də həbs olunanlar arasındadır. Surenyants bu hadisələri hakimiyyətin siyasi rəqabətə müdaxiləsi kimi qiymətləndirib.

Onun diqqət çəkdiyi digər məsələ isə hakim partiyanın yerli nüfuz sahibləri ilə əməkdaşlığıdır. Surenyantsın fikrincə, “Vətəndaş müqaviləsi” bəzi bölgələrdə yerli siyasi və iqtisadi elitalarla ittifaq yaradaraq mövqelərini gücləndirib. Politoloq bunu “hakim partiya ilə yerli feodalların ittifaqı” adlandırıb.

Surenyants bildirib ki, beş icmada seçkilər faktiki olaraq rəqabətsiz keçirilib. Onun təqdim etdiyi rəqəmlərə əsasən, 19 icmadan 17-də hakim partiya və onunla əlaqəli siyasi ittifaqlar səslərin 70–96 faizini toplayıblar.

Politoloq belə nəticələrin ölkədə siyasi rəqabətin vəziyyəti ilə bağlı suallar yaratdığını söyləyib. O, Paşinyanın seçkilərdən sonrakı çıxışında nəticələrin avtoritarizm təəssüratı yaratmaması barədə danışmasını da təsadüfi hesab etməyib.

Lakin Surenyantsın açıqlamalarında müxalifət daxilindəki fikir ayrılıqları da üzə çıxıb.

Belə ki, Yexeqnadzor icmasında hakim partiyanın 50 faizlik həddi keçə bilməməsi bəzi dairələrdə müxalifətin uğuru kimi təqdim olunsa da, politoloq bu yanaşmanı qəbul etməyib.

O bildirib ki, ikinci yeri tutmuş, “Respublika” partiyasını təmsil edən icma rəhbəri David Arutyunyanı hakimiyyətə real alternativ hesab etmək doğru deyil. Surenyantsın fikrincə, həmin siyasi qüvvə bir sıra məsələlərdə Paşinyanın kursuna yaxın mövqe tutur.

Politoloq xatırladıb ki, Arutyunyan 2021-ci ildə “Çiçəklənən Ermənistan – Demokratik alternativ” müxalifət ittifaqının nümayəndəsi kimi seçilib. Onun qənaətinə görə, ötən müddətdə siyasətçinin siyasi mövqeyində faktiki dəyişiklik baş verib.

Surenyants Stepanavanda da oxşar vəziyyətin yarandığını iddia edib. Onun sözlərinə görə, burada ilk iki yeri tutan “Sahibkarlar” partiyası ilə hakim “Vətəndaş müqaviləsi” arasında ciddi siyasi qarşıdurma yoxdur.

Beləliklə, politoloq hakim partiyaya qarşı çıxan bütün qüvvələri real müxalifət hesab etmir və bəzi siyasi təşkilatları hakimiyyətə yaxın olmaqda ittiham edir.

Surenyants Baş nazir Nikol Paşinyanın seçkilərdən sonra Ermənistanda “dövlət maraqlarını əsas götürən müxalifət” formalaşmasının vacibliyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib.

“Kim müəyyən edəcək ki, hansı müxalifət dövlət maraqlarını müdafiə edir, hansı etmir? Müxalifətin legitimliyinin mənbəyi baş nazirin istəyi deyil, cəmiyyətdir. Buna Paşinyan qərar verməməlidir”, – deyə erməni politoloq vurğulayıb.

O, bununla Paşinyanı özünə sərf edən, hakimiyyətə real alternativ yaratmayan müxalifət formalaşdırmağa çalışmaqda ittiham edib.

Surenyantsın fikrincə, belə bir müxalifətin vəzifəsi hakimiyyət uğrunda mübarizə aparmaq deyil, siyasi rəqabət görüntüsü yaratmaq olacaq.

Ermənistanda son seçkilərdən sonra yaranmış mənzərə isə daha geniş bir problemi ortaya qoyur: hakim partiyanın üstünlüyü fonunda müxalifət qüvvələri nəinki vahid siyasi alternativ formalaşdıra bilmir, hətta hansı partiyaların həqiqi müxalifət sayılması məsələsində də ortaq mövqeyə gələ bilmirlər.