Ermənistan ordusunda qanlı sirr - Təriqətlərin təsirindən intihar edirlər?
“Ermənistan Silahlı Qüvvələrində qeydə alınan bir neçə intihar hadisəsinin səbəbi dini təriqətlərin təsiri ilə bağlı ola bilər”.
Hurriyyet.net xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan 2027-ci il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı parlamentdə deputat Andranik Koçaryanın sualını cavablandırarkən bildirib.
Poqosyan bəzi hallarda intiharın səbəbinin müəyyən təriqətə mənsubiyyət olduğunu deyib. O, hadisələrdən birində intihar edən şəxsin bədənində döymələrin aşkarlandığını, psixoloq və mütəxəssislərin həmin döymələri intihara meylli şəxslər üçün xarakterik hesab etdiyini qeyd edib.
“Bu, milli təhlükəsizlik məsələsidir. Hazırda bununla bağlı proseslərə başlayacağıq və yaxın vaxtlarda ictimaiyyət də araşdırmaların nəticələri barədə məlumatlandırılacaq. Söhbət orduda qeydə alınan bütün intihar hadisələrindən deyil, yalnız bir neçə konkret haldan gedir”, – komitə sədri bildirib.
Xatırladaq ki, Ermənistan ordusunda sonuncu ölüm hadisəsi oktyabrın 31-də qeydə alınıb. Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hərbçi Tiqran Stepanyanın odlu silah yarası almış meyiti aşkarlanıb.