📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erkən diaqnozla gələcəyə ümid… - Fotolar

2026-10-20 15:21:21

Erkən diaqnozla gələcəyə ümid… - Fotolar

Oktyabr ayı - Süd Vəzi Xərçəngi ilə Mübarizə və Maarifləndirmə Ayı çərçivəsində spa konsultinq sahəsində fəaliyyət göstərən “KK Welness” şirkəti erkən diaqnozun əhəmiyyətinə diqqət çəkmək və ictimai maarifləndirməni gücləndirmək üçün “Özünə qayğı və wellness səhəri” mövzulu tədbir keçirib.

Tədbirdə çıxış edən şirkətin rəhbəri Könül Xəlilova və baş terapevti Fatimə Sədri iştirakçılara erkən diaqnozun əhəmiyyəti və müntəzəm müayinələrin həyati rolu haqqında məlumatlar verib.

Tədbirdə müxtəlif sahələrin öndə gedən mütəxəssisləri süd vəzi xərçəngindən əziyyət çəkən xəstələrin həyatın hər sferasında üzləşə biləcəyi problemlər və onların düzgün həllinə dair məsləhətlər veriblər. Həkim onkoloq-mammoloq Cəmilə xanım və həkim radioloq Vəfa Xəlilova xəstəliyin diaqnostikası və müalicə metodları haqda məlumat verib, həkim dietoloq Emil Hidayətli xərçəng xəstəliyinin profilaktikası və müalicəsində düzgün qida rasionu haqda danışıb, həkim stomatoloq Natəvan Qurbanova onkoloji xəstələrin diş baxımı və müalicələrindən, psixoloq Nərgiz Hüseynova xərçəng xəstəliyinin psixosomatikası haqda məlumat verib, səhiyyə idarəçisi, konsultant Nigar Rüstəmli xanımları sağlamlıqlarına diqqətlə yanaşmağa və mütəmadi müayinələrdən keçməyə çağırıb. 

Tədbirdə müalicəsi davam edən, ailəsində bu xəstəliklə mübarizə aparan və artıq bu xəstəliyə qalib gələn xanımlar da öz təcrübələri ilə bölüşüb. Sonda tədbirdə iştirak edən bütün xanımlara Olimp hospital tərəfindən süd vəzi UZİ müayinəsi və həkim onkoloqun pulsuz müayinəsi hədiyyə verilib. 

Bütün xanımlara səslənərək demək istərdik ki: 

Özünüzə vaxt ayırın. Müayinələrinizə laqeyd yanaşmayın. Hər bir həyat mübarizəyə layiqdir! Unutmayaq ki, özünüzə ayırdığınız bir gün, etdirdiyiniz bir müayinə həyatınız üçün ən dəyərli addım ola bilər.