Əmirbəyovun NATO qərargahında görüşü- YENİ GÜNDƏM
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Brüsseldə NATO-nun xüsusi nümayəndəsi ilə görüşü Azərbaycanın Alyansla münasibətlərinin gələcək perspektivlərini və əməkdaşlığın genişləndirilməsi imkanlarını yenidən gündəmə gətirir. Kevin Hamiltonla bu görüş Bakı və Alyans arasında əməkdaşlığın gələcək istiqamətləri baxımından diqqət çəkir. Görüş zamanı Azərbaycan–NATO münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, tərəflər tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər.

Day.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, görüşdə siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər müxtəlif istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi niyyətlərini bir daha təsdiqləyiblər. Görüşün diqqətçəkən tərəfi ondan ibarətdir ki, Azərbaycan NATO-nun üzvü olmasa da, Alyansla münasibətlərini təhlükəsizlik, müdafiə, siyasi dialoq və beynəlxalq əməkdaşlıq istiqamətlərində inkişaf etdirmək imkanlarını qoruyub saxlayır. Bununla belə, tərəfdaşlığın genişləndirilməsi barədə bəyanatların konkret nəticələrə çevrilməsi üçün əməkdaşlığın hansı sahələrdə dərinləşdiriləcəyi, bunun Azərbaycanın milli təhlükəsizlik maraqlarına necə xidmət edəcəyi və regional təhlükəsizlik arxitekturasına hansı təsirləri göstərəcəyi mühüm məsələlər olaraq qalır.
Azərbaycan–NATO əməkdaşlığının əsası 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmaqla qoyulub. NATO-nun rəsmi məlumatına görə, tərəfdaşlıq müdafiə islahatları, hərbi qüvvələrin uyğunlaşdırılması, terrorizmlə mübarizə, kibermüdafiə, enerji təhlükəsizliyi və humanitar minatəmizləmə kimi istiqamətləri əhatə edir.
Bu münasibətlərin Azərbaycan üçün əhəmiyyəti yalnız hərbi sahə ilə məhdudlaşmır. Avropa ilə Asiya arasında yerləşən ölkənin enerji infrastrukturu, nəqliyyat dəhlizləri və regional sabitliklə bağlı maraqları beynəlxalq təhlükəsizlik gündəliyi ilə sıx bağlıdır. NATO ilə siyasi dialoqun davam etdirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində beynəlxalq tərəfdaşlarla məsləhətləşmə imkanlarını genişləndirə bilər.
Brüsseldə keçirilən görüş Azərbaycan-NATO münasibətlərində hansı yeni mərhələnin başlanğıcı ola bilər? Bu təmaslar Azərbaycanın hərbi və müdafiə imkanlarının gücləndirilməsinə, enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə hansı konkret töhfələri verə bilər və Bakı NATO ilə əməkdaşlığı Rusiya, Türkiyə və digər regional aktorlarla münasibətlərindəki strateji balansı qorumaqla necə inkişaf etdirə bilər?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bu məsələlərlə bağlı Musavat.com-a bunları dedi: "Xatırladaq ki, Hamilton NATO-da bütövlükdə Güney Qafqazın, o cümlədən regionun siyasi mühitini yaxşı tanıyan diplomat hesab olunur və indiyə qədər Azərbaycan rəsmiləri ilə bir neçə görüş keçirib. Belə ki, bu ilin aprel ayında Antalya Diplomatiya Forumunda respublikamızın xarici işlər naziri Ceyhun Bayramov onunla Azərbaycan-NATO tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edib. İyun ayında Hamilton Azərbaycana ilk rəsmi səfərini edib, prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavinləri ilə görüşüb.
NATO-nun Azərbaycanla Fərdi Tərəfdaşlıq Proqramının yekunlaşdırılması üzərində işin getməsi barədə rəsmi açıqlama olduğunu nəzərə alsaq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşü son aylardakı hadisələr kontekstində ardıcıl diplomatik xəttin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu mərhələ onunla səciyyələnir ki, tərəflər arasındakı protokol xarakterli siyasi dialoq artıq başa çatıb, hazırda konkret sənədin və fəaliyyət planının hazırlanmasına başlanıb. Bu mərhələdə Azərbaycan dövlətini Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səviyyəsində təmsil olunması rəsmi Bakının Azərbaycan – NATO münasibətlərinə strateji əhəmiyyət verdiyini təsdiq edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan hərbi bloklara qoşulmamaq siyasəti yeridir, NATO-nun üzvü deyil və belə bir niyyəti də yoxdur. Lakin bu, müasir dünyanın ən güclü hərbi bloku olan NATO ilə müəyyən konkret məsələlər üzrə əməkdaşlığı istisna etmir. Azərbaycan–NATO münasibətlərində mümkün yeni mərhələnin əsas xüsusiyyəti əməkdaşlığın daha dəqiq ehtiyaclar ətrafında qurulmasıdır. Bakı üçün prioritet hansısa siyasi status əldə etməkdən əvvəl ordunun idarəetmə keyfiyyətini, təhlükəsizlik institutlarının dayanıqlığını və böhranlara hazırlığını artırmaq ola bilər. Alyansla münasibətlərin uğurunu da məhz bu nəticələr üzərindən qiymətləndirmək daha əsaslıdır. NATO – Azərbaycan münasibətləri Alyansın Sülh naminə tərəfdaşlıq proqramı və Fərdi tərəfdaşlıq proqramı çərçivəsində gedir. Hər 2 proqram çərçivəsində Azərbaycan üçün müəyyən imkanlar yaranır. Bu imkanlar aşağıdakı məsələləri əhatə edə bilər.
Birincisi, müdafiə sahəsində istitusional əməkdaşlıq imkanları. Bu imkanlar hərbi sahədə qarşılıqlı əməliyyat-planlaşdırma qabiliyyətinin güçləndirilməsi, müdafiə planlaşdırması, hərbi bölmələr arasında rabitə, logistika, tibbi təminat, hərbi təhsil, və hibrid təhlükələrlə birgə mübarizə məsələlərini əhatə edir. Burada söhbət daha çox kadr hazırlığından, kiber və informasiya təhlükəsizliyindən, institusional islahatlardan gedir. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ordusunun tərəfdaş qüvvələrlə birgə fəaliyyətini asanlaşdıra, təlimlərdən çıxarılan dərslərin hərbi təhsilə ötürülməsini sürətləndirə bilər. Həm də bu əməkdaşlıq uzunmüddətli xarakter daşıyır və birbaşa hərbi güc balansını dəyişmədiyi üçün ciddi risklər yaratmır. İkinci istiqamət enerji və nəqliyyat infrastrukturları istiqamətində əməkdaşlıq imkanlarıdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu NATO tərəfindən də qəbul olunur. Enerji və nəqliyyat infrastrukturu istiqaməti isə tərəfdaşlığın daha geniş ictimai və iqtisadi fayda verə biləcəyi sahədir. Boru kəməri, liman və dəmir yolu xəttinin təhlükəsizliyi yalnız fiziki mühafizədən ibarət deyil. İdarəetmə sistemlərinə kiberhücum, rabitənin dayanması, təxribat və fövqəladə hadisəyə gecikmiş reaksiya da daşımaları poza bilər. NATO-nun Azərbaycanla münasibətlərə dair rəsmi materialında kritik enerji infrastrukturu və kibermüdafiə artıq əməkdaşlıq mövzuları kimi qeyd olunur. Bu istiqamət üzrə real imkanlar enerji və nəqliyyat infrastrukturlarının müdafiəsi, infrastruktur operatorları ilə dövlət qurumlarının birgə böhran təlimləri, kiber təhlükəsizlik, kiberinsidentlər barədə erkən məlumat mübadiləsi, hibrid təhdidlərə qarşı dayanıqlıq, təcrübə mübadiləsi və maraqlı üzv ölkələrlə koordinasiya məsələlərini əhatə edə bilər, ehtiyat rabitə və fəaliyyətin bərpası planlarının sınaqdan keçirilməsi ilə əlaqədar ola bilər. Bu istiqamət üzrə əməkdaşlıq enerji və nəqliyyat infrastrukturlarında mümkün hadisələrin qarşısını almaqla yanaşı, hadisə baş verdikdə fasilənin müddətini azalması üçün də faydalı ola bilər.
Üçüncü istiqamət minatəmizləmə sahəsində əməkdaşlıq imkanlarıdır. Bu sahədə əməkdaşlığa Azərbaycanın zərurət daha çox hesab olunmalıdır. 30 illik işğal dövründə Ermənistan tərəfinin Azərbaycan ərazusində basdırdığı və xəritələrini vermədiyi minalar bu gün də partlayır və dinc insanların ölümünə, şikəst olmasına səbəb olur".

Siyasi şərhçi fikirlərini bu cür davam etdirdi: "Qeyd edək ki, bu sahə adətən “humanitar əməkdaşlıq” hesab olunur və bu sahə siyasi cəhətdən ən az mübahisəli əməkdaşlıq istiqamətidir. Bütövlükdə, NATO ilə qarşılıqlı münasibətlərinin Azərbaycan üçün əhəmiyyətini yalnız hərbi sahə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Azərbaycanın enerji infrastrukturu, nəqliyyat dəhlizləri və regional sabitliklə bağlı maraqları beynəlxalq geosiyasət və təhlükəsizlik gündəliyi ilə çərçivəsində qiymətləndirilməlidir. Lakin burada nəzərə alınmalı bəzi məqam var: NATO ilə dərinləşən əməkdaşlıq Rusiyadan və İrandan gələn təzyiq risklərini artıra bilər; həmçinin bəzi Qərb ölkələrində insan hüquqları və demokratik institutlarla bağlı tənqidlər siyasi mülahizələrlə NATO–Azərbaycan əməkdaşlığının əhatə dairəsini məhdudlaşdıra bilər. Lakin bu risklərə baxmayaraq əməkdaşlığın həm Azərbaycan, həm də NATO üçün əhəmiyyəti böyükdür".