Dünyada YENİ XAOS - Cəmi bir zərbə ilə dəhşəti yaşadacaqlar
İranla ABŞ arasında davam edən gərginlik fonunda Tehrandan yeni hərbi hədəflər və silahlarla bağlı xəbərdarlıq səsləndirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən sualtı internet kabellərinə diqqət çəkərək mümkün yeni qarşıdurma zamanı strateji məlumat xətlərinin və ABŞ-la əlaqəli infrastrukturun hədəfə alına biləcəyinə işarə edib.
Hurriyyet.net xəbər verir ki, SEPAH bazar ertəsi günü yeni hədəflərin açıqlanacağını və yeni silahların təqdim ediləcəyini bəyan edib. Bu açıqlama regionda hərbi gərginliyin yenidən artması ilə bağlı narahatlıqları gücləndirib.
İranın dövlət televiziyası IRIB-in məlumatına əsasən, SEPAH-ın sözçüsü Hüseyn Mühibbi Tehrandakı Müqəddəs Müdafiə Muzeyində keçirilən tədbirdə çıxış edib.
O, Hörmüz boğazının altından yeddi iri internet kabelinin keçdiyini bildirib. Mühibbinin sözlərinə görə, bu xətlər internet və kommersiya məlumatlarının ötürülməsində mühüm rol oynayır.
SEPAH sözçüsü hərbi hazırlıqlara toxunaraq yeni hədəflərin açıqlanacağını və yeni silahların nümayiş etdiriləcəyini deyib.
İranın Yüksək Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai də bu ayın əvvəlində oxşar xəbərdarlıqla çıxış edib.
O, İran dövlət televiziyasının Press TV kanalına müsahibəsində yeni müharibə başlayacağı təqdirdə ABŞ-la əlaqəli sualtı internet kabellərinin, məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin hədəfə alına biləcəyini bildirib.
Rzai həmin infrastrukturun hələlik İranın hədəfləri sırasına daxil edilmədiyini vurğulayıb.
Belə obyektlərə mümkün hücumlar beynəlxalq məlumat mübadiləsinə və rəqəmsal xidmətlərə təsir göstərə bilər. Bununla belə, ayrı-ayrı sualtı kabellərin zədələnməsi bütün dünyada internetin tamamilə kəsilməsi demək deyil. Belə xətlərin sıradan çıxmasının təsiri alternativ marşrutların mövcudluğundan və zədələnmənin miqyasından asılıdır.
Məqalədə bildirilir ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Tehran isə buna cavab olaraq regionda raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib və Hörmüz boğazında gəmiçilik fəaliyyətini faktiki olaraq məhdudlaşdırıb.
Sonrakı mərhələdə Vaşinqton İran limanlarına qarşı dəniz blokadası tətbiq edib.
Tərəflər iyun ayında Hörmüz boğazında gəmiçilik azadlığını tənzimləyən memorandum imzalasalar da, strateji su yolunun təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları səbəbindən razılaşmanın icrasında çətinliklər yaranıb.
İran rəsmilərinin son açıqlamaları mümkün yeni qarşıdurmada hərbi hədəflərlə yanaşı, qlobal rəqəmsal infrastrukturun da risk altında qala biləcəyinə dair narahatlıqları artırır. Bununla belə, internet kabellərinə hücumla bağlı səsləndirilən fikirlər hələlik xəbərdarlıq xarakteri daşıyır.