📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİM şəxsi kabinetlərlə bağlı vətəndaşlara xəbərdarlıq etdi

2026-11-02 21:11:13

DİM şəxsi kabinetlərlə bağlı vətəndaşlara xəbərdarlıq etdi

İstifadəçilər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar.

Bu barədə Hurriyyet.net-e DİM-dən məlumat verilib.

Bildirilib ki, son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır.

"Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.

Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər.

Həmçinin istifadəçilərə şəxsi hesablarının giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını digər şəxslərlə paylaşmamaq, tanımadıqları şəxslərdən və ya şübhəli mənbələrdən daxil olan keçidlərə (linklərə) klikləməmək və s. təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur:

Qeyd edək ki, şəxsi hesabların və məlumatların təhlükəsizliyinin təmin olunması yalnız müvafiq informasiya sistemlərinin texniki mühafizəsindən deyil, həm də istifadəçilərin təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmasından asılıdır.

Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda qeyd olunub.