Deputat Şuşa həbsxanasının bərpasına ETİRAZ ETDİ
Azərbaycanda penitensiar sistemin optimallaşdırılması, cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması aktual məsələlərdən biridir. Bu baxımdan, Qarabağ bölgəsində belə müəssisənin olmaması diqqəti həm də tarixi Şuşa həbsxanasına yönəldir. XIX əsrin ortalarında inşa edilən bu tikili Şuşanın işğalı dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub.
Bəzi hüquq müdafiəçiləri Qarabağın digər bölgələrində cəzaçəkmə müəssisəsinin olmadığını əsas gətirərək Şuşa həbsxanasının yenidən bərpa oluna biləcəyini mümkün sayırlar.
Qarabağ bölgəsinin deputatlarından olan Elman Məmmədov sözügedən mövzuya dair fikirlərini Modern.az-la bölüşüb. O, Şuşa həbsxanasının yenidən bərpa olunmasının əleyhinə çıxıb.
"Çar Rusiyası dövründən qalan o həbsxana hər zaman xoş olmayan xatirələrin nişanı kimi xatırlanır. Yəni oradan tarixi abidə kimi istifadə olunmamalıdır.
Şuşanı biz tariximizi yaşadan zəngin abidələri, memarlıq əsərləri və mədəniyyəti ilə tanıyırıq. Həmin həbsxana isə bütün dövrlərdə özünün qəddarlığı və mərhəmətsizliyi ilə məşhur olub. Buna görə də mən onun yenidən bərpa olunmuş həbsxana kimi istifadə edilməsini qətiyyən arzu eləmirəm. Sadəcə, keçmişin izi olaraq yalnız müəyyən nişanələri saxlanıla bilər".

Deputat köhnə həbsxananın yenisi ilə əvəzlənmə təklifinə belə reaksiya verib:
"O həbsxana mərhəmətsizlik məkanı olaraq yaddaşlara həkk olunub. Elə bu səbəbdən də onun yenidən bərpa olunub istifadəyə verilməsinin tərəfdarı deyiləm.
Yeni həbsxana qurulması ilə bağlı qeyd edə bilərəm ki, arzu olunan odur ki, Azərbaycanımızda cinayətkarlığın kökü kəsilsin, onun kəmiyyəti azalsın və ümumiyyətlə həbsxanalara ehtiyac qalmasın. Ancaq bu, hələlik mümkün deyil. Təbii ki, hər bir dövlətdə qanun pozanların saxlanıldığı yerlər olmalıdır.
Məgər Şuşada həbsxana olması vacibdir? Biz Şuşanı mədəniyyət abidələri olan qoruq ərazisi kimi tanıyırıq. Həbsxananın Qarabağın başqa bölgəsində olması daha məqsədəuyğundur".
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bir müddət öncə Modern.az-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanır. Yəni Şuşa həbsxanasının yenidən cəzaçəkmə müəssisəsi kimi istifadəsi nəzərə tutulmur.
Şuşa həbsxanası 1848-ci ildə, Çar Rusiyası dövründə inşa olunub. Xan qızı Xurşidbanu Natavan tərəfindən tikdirilən bu həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. Keçmiş SSRİ dövründə isə bura qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçib. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qaytarılıb.

El arasında "Şuşa türməsi" adlandırılan bu müəssisə ilkin olaraq 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulsa da, sonralar daha çox məhbus qəbul etməsi üçün kompleks əlavə tikililər hesabına xeyli genişləndirilib. Məlumatlara görə, həbsxananın 99 kamerası olub. Bunların 96-da dustaqlar saxlanılıb, 3-ü isə cərimə otağı olub.
Şuşa həbsxanası həm Rusiya imperiyası, həm də keçmiş SSRİ dövründə ən dəhşətli müəssisələrdən biri sayılıb. SSRİ dövründə bu həbsxana qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib və əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub. Buraya Sovet İttifaqının müxtəlif respublikalarından dustaqlar gətirilib.