“Bugünkü müzakirə ölkə iqtisadiyyatı üçün mühümdür”
“Bugünkü müzakirə ölkə iqtisadiyyatı üçün mühüm keçid mərhələsinə təsadüf edir. 2026-cı il, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının yekun ilidir, qarşıda isə 2027–2030-cu illəri əhatə edəcək yeni mərhələ dayanır”.
Hurriyyet.net xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyur. Strategiya dövrünün yekunlarına baxsaq, 2026-cı ilin gözlənilən nəticələri də nəzərə alınmaqla, 2022–2026-cı illərdə Ümumi Daxili Məhsul orta hesabla ildə 2,7%, qeyri-neft-qaz sektoru isə 5,2% artacaq ki, bu da müəyyən edilmiş hədəfdən yüksəkdir.
Ötən dövrdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri də baş verib. Belə ki, 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq; 1 oktyabr 2026-cı il tarixinə strateji valyuta ehtiyatları 2018-ci ilin sonundan iki dəfə artaraq 89,4 milyard dollara çatıb - bu, illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir; üçüncüsü isə qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı bu dövrdə təxminən iki dəfə artıb və ümumi müqavilə sayının 56,5%-ni təşkil edir.
Bundan başqa, qeyri-neft-qaz sektoru üzrə artımın aparıcı mənbəyi qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir. Özəl sektordan əsas kapitala investisiyalar 14,7 milyard manat olmaqla real ifadədə 10,9% artıb. Qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21% ətrafında artıb.
Eyni zamanda bir məqamı da diqqətinizə çatdırım ki, dövlət büdcəsi xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artımın sürətinə təsir edən mühüm amildir.”, - aparat rəhbəri qeyd edib.