📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu istiqamətdə 438,7 milyon ayrılması nəzərdə tutulur”

2026-10-27 13:17:18

“Bu istiqamətdə 438,7 milyon ayrılması nəzərdə tutulur”

“Qanun layihəsi özəl sektorun ətraf mühitin mühafizəsi baxımından, öhdəlik və məsuliyyətin gücləndirilməsi aspektindən əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsi Azərbaycanda həyata keçirilən siyasətin ana xəttlərindən hesab olunur”.

Hurriyyet.net  xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsindən bu istiqamətə 374 milyon manat vəsait ayrılıb: “Bu isə əvvəlki illə müqayisədə 3.4 faiz çoxdur. Yaxın günlərdə müzakirə edəcəyimiz 2027-ci ilin Dövlət Büdcəsi haqqında Qanuna layihəsinə əsasən isə gələn ildə ətraf mühitin mühafizəsi istiqamətinə 438,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, mövcud fiskal imkanlar daxilində ətraf mühitin daha yaxından qorunması prioritetliyi gücləndirilir. 

Müzakirə etdiyimiz “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsində ətraf mühitin istehsalat monitorinqi izahatı təqdim edilir. Təklif olunan maddəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqat sistemidir. 

Monitorinqlər həyata keçirilən zaman hansı müddəti əhatə etməsi və mütəmadiliyi çox önəmlidir və vacib meyarlardan hesab olunur. Ona görə, sözügedən maddəni aşağıdakı mətndə təklif edərdim: ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müntəzəm müşahidəsi və tədqiqat sistemidir.

Eyni maddədə təbiətdən istifadəçilər üçün monitorinqin aparılması icbariliyi qeyd olunur. Prosesin davamlılığın hüquqi bazasının formalaşdırılması üçün “Təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” AR Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin davamlı istehsalat monitorinqini aparmalıdırlar.

Həmin maddənin 3-ci bəndinə əsasən, monitorinq nəticələri barədə illik hesabat növbəti il fevralın 1-dən gec olmayaraq təqdim olunmalıdır. Ətraf mühitin qorunması prioritet və eləcə də ekoloji baxımdan həssas məsələ olduğu üçün illik hesabatlar ilə bağlı rüblük və yarım illik hesabatların da təqdimatına ehtiyac var. Bir sıra hallarda illik neqativ nəticəni aradan qaldırmaq daha çox zaman və vəsaitə ehtiyac yarana bilər. Amma daha qısa intervallı hesabatlılıq post deyil, cari nəzarəti gücləndirə bilər.

“Ətraf mühitin təsirin qiymətləndirilməsi haqqında” Qanunun 12-ci maddəsinə təklif edilən dəyişiklik ətraf mühitin təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilməsi ilə bağlıdır. Şəffaflıq və hesabatlılıq üçün bu sahədə sifarişçilərin internet səhifəsinin olması və hesabatların həmin səhifələrdə yerləşdirilməsinin də məcburi olması məqsədəuyğundur”.