Beyləqanda Energetiklər Günü qeyd olundu - Fotolar
Bu gün 20 oktyabr - Energetiklər Günü Beyləqanda qeyd olunub.
Hurriyyet.net xəbər verir ki, bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, eləcə də “Azərişıq” ASC-nin Beyləqan Elektrik Şəbəkəsinin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi liderə öz ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Beyləqan Rayon İcra Hakimiyyətində davam etdirilib. Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov energetikləri peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. RİH başçısı çıxışında energetika sahəsinin ölkənin sosial-iqtisadi inkişafında, əhalinin və iqtisadiyyatın fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rolunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə energetika sektorunun inkişafı istiqamətində əsası qoyulmuş ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Həmçinin 20 Oktyabr – Energetiklər Gününün təsis edilməsinin sahə əməkdaşlarının əməyinə verilən yüksək qiymətin ifadəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra Əziz Əzizov 20 Oktyabr – Energetiklər Günü münasibətilə elektrik şəbəkəsinin bir qrup əməkdaşını Beyləqan Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev və digərləri energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onların ölkənin dayanıqlı inkişafında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm xidmətlərindən danışıblar.
Daha sonra Beyləqan Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov çıxış edərək energetiklərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, elektrik enerjisinin fasiləsiz və etibarlı təmin olunması istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişlərin bundan sonra da məsuliyyətlə və layiqincə yerinə yetiriləcəyini vurğulayıb.

