Bələdiyyə sədrliyindən Ərdoğanın müşavirliyinə: Oktay Saralın siyasi DOSYESİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri olmuş Oktay Saralın Azərbaycanla bağlı açıqlamaları və vəzifəsindən ayrılması regionun siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Uzun illər Türkiyədə yerli idarəetmə, parlament və Prezident Administrasiyasında fəaliyyət göstərən Saralın siyasi karyerası, xüsusilə son hadisələrdən sonra diqqət mərkəzinə düşüb.
Oktay Saral 18 mart 1967-ci ildə Türkiyənin Trabzon vilayətinin Of rayonunda anadan olub. İnşaat mühəndisliyi təhsili alan Saral bir müddət bu sahədə çalışdıqdan sonra siyasi fəaliyyətə başlayıb.
Saralın siyasi karyerası yerli idarəetmə ilə başlayıb. O, 1999-cu ildə Of bələdiyyəsinin sədri seçilib və 2011-ci ilədək bu vəzifədə çalışıb. Bu müddətdə yerli idarəetmə ilə yanaşı, idman və ictimai fəaliyyət sahələrində də müxtəlif vəzifələr tutub.
2011-ci ildə Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul millət vəkili seçilən Saral Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırışında təmsil olunub. O, 2011–2015-ci illərdə deputat kimi fəaliyyət göstərib, parlamentin Bayındırlıq, İmar, Nəqliyyat və Turizm Komissiyasında yer alıb. Sonrakı seçkilərdə deputat mandatı qazana bilməyib.
2016-cı ildə Türkiyə Prezidentinin baş müşaviri vəzifəsinə təyin olunan Saral bu vəzifədə uzun müddət fəaliyyət göstərib. Onun siyasi fəaliyyəti dövründə sosial şəbəkələrdəki sərt və zaman-zaman rezonans doğuran açıqlamaları da diqqət çəkib.
Oktay Saral 2026-cı ilin oktyabrında Azərbaycandakı məktəblərdə hicablı şagirdlərin təhsil hüququ ilə bağlı müzakirələrə münasibət bildirib. O, sosial şəbəkə hesabında paylaşım edərək hicablı şagirdlərin məktəbə buraxılmamasını kəskin şəkildə tənqid edib və bununla bağlı özünəməxsus mövqeyini açıq şəkildə ifadə edib.
Saralın bu bəyanatı Azərbaycanda böyük narazılıq və haqlı reaksiyalara səbəb olub. Yeni Azərbaycan Partiyası (YAP) onun fikirlərinə sərt münasibət bildirərək, bu cür açıqlamaların Azərbaycanın suveren hüquqlarına, daxili işlərinə və qanunvericiliyinə birbaşa müdaxilə olduğunu, həmçinin iki qardaş ölkə arasındakı strateji müttəfiqlik ruhuna kölgə salmağa yönəldiyini vurğulayıb.
Oktyabrın 25-də Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən ayrıldığı barədə məlumat yayılıb. Türkiyəli jurnalist Talat Atilla ilə telefon danışığında Saral bu məlumatı təsdiqləyib və qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa göstərişi ilə verildiyini bildirib.