BDU-da jurnalistikanın yeni dekanı o olacaq?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekan seçiləcək. Modern.az-ın məlumatına görə, hazırda fakültənin dekanı olan Vüqar Zifəroğlunun vəzifəsindən ayrılacağı gözlənilir. 2017-ci ildən fakültəyə rəhbərlik edən Vüqar Zifəroğlu dekan vəzifəsi üzrə müsabiqəyə müraciət etməyib.
Dekanlıq üçün fakültənin üç kafedra müdirinin – Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovanın, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlinin adları çəkilir.
Qeyd edək ki, müvafiq qaydalara əsasən, dekanlar müsabiqə yolu ilə beş il müddətinə seçilir. Müqavilə müddətinin bitməsinə iki ay qalmış yeni müsabiqə elan olunmalıdır. Eyni şəxs həmin universitetdə dekan vəzifəsinə ardıcıl iki dəfədən artıq seçilə bilməz. Dekan vəzifəsinin icrası müvəqqəti həvalə olunduqda isə bu müddət üç aydan çox olmamalıdır.
Ümumiyyətlə, bu gün Azərbaycanda jurnalistika fakültələri müasir media tələblərinə cavab verən, peşəkar jurnalistlər yetişdirə bilirmi? Mövcud tədris sistemində hansı əsas problemlər müşahidə olunur?

Mövzu ilə bağlı BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli Musavat.com-a danışıb.
O, dekan vəzifəsi iddiasının olmadığını bildirib: “Başqalarını deyə bilmərəm, amma mənim dekan olmaq istəyim yoxdur. O səbəbdən də heç bir yarışda, müsabiqədə və kombinasiyalarda iştirak etmirəm. Jurnalistika təhsilinə gəldikdə isə bu sahədə media otaqlarının təşkili kimi bəzi uğurlarla yanaşı, çox ciddi problemlər də üst-üstə yığılıb. Professor Yalçın Əlizadənin dekanlığından sonra (2012) elmi-tədris prosesinin təşkili, müəllim kadrlarının seçilməsi, konseptual tədris proqramlarının hazırlanması və reallaşdırılması ilə bağlı xeyli problem var. Bəzi korporativ addımlar atılsa da, praktika ilə əlaqə və istehsalat təcrübələrinin təşkili də çox zəif və səmərəsizdir. Ona görə də tədrisi və medianı yaxşı bilən, jurnalistika fakültəsinin xeyli kövrəkləşmiş ənənələrinə və mənəvi prinsiplərinə sadiq qalan, ciddi, işgüzar və layiqli bir şəxsin dekan olmasını arzu edərdik".