Bakının mərkəzində vətəndaşın halal mülkünə hücum var... - Bakı merindən kömək istənilir
Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 saylı ünvanında qəribə, daha doğrusu, artıq vərdiş etdiyimiz bir Bakı mənzərəsi yaşanır. Vətəndaşın mülkü var, sənədi var, haqqı var, amma bir səhər ayılanda görür ki, evinin böyrünə hündür, ucu-bucağı görünməyən dəmir hasar çəkiblər. İnsanları faktiki olaraq öz həyətində, öz mülkündə mühasirəyə alıblar.
Musavat.com-a ünvanlanan bu müraciəti oxuyanda adam mat-məətəl qalır. Görəsən, bizdə sənədin, qanunun istifadə müddəti neçə gündür?
Ev sahibləri Cavid İsmayılov və Ramin Ağayev üzlərini lazımi idarələrə tutub səs çıxarmağa çalışırlar. Niyəsini də açıq yazırlar: çünki yaşadıqları evin qarşısından keçən ərazi qanunsuz şəkildə dəmir hasarla əhatələnib, piyadaların gediş-gəlişi, sakinlərin nəfəs alması belə müşkülə düşüb.
Qərar etibarsızdır, amma dəmir hasar yerindədir!
Məsələnin ən ironik və sirr dolu tərəfi də elə burasındadır. Bakı Şəhər İcra Hakimiyyəti vaxtilə 05 avqust 2021-ci il tarixli 194 nömrəli sərəncamı ilə bu torpaq sahəsini "VİALON" MMC adlı tikinti şirkətinə icarəyə verib. Şirkət də fürsəti boşa verməyib, dərhal dəmir hasarlarını bura pərçimləyib.
Sonradan isə bəlli olub ki, BŞİH-in həmin sərəncamı vətəndaşların xüsusi mülkiyyətində olan bu hissəyə dair etibarsız hesab edilib. Əgər sənəd etibarsızdırsa, deməli, o hasar da orada artıq-əskik şeydir, sökülməlidir! Amma yox, bizdə qərar etibarsız ola bilər, amma qanunsuz çəkilən dəmir barmaqlıqlar əbədi qala bilər. İnsanlar haqlı olaraq soruşurlar: etibarsız sənədin etibarlı hasarı niyə sökülmür?
Vətəndaşlar əvvəlcə üz tutublar Nəsimi Rayon İcra Hakimiyyətinə. Amma nəticə? Nəticə böyük bir sıfır! Görünür, rayon rəhbərliyi üçün Ağadadaş Qurbanov küçəsindəki bu haqsızlıq elə də diqqətəşayan məsələ deyil.
Problem isə günbəgün böyüyür. Küçəyə çəkilən bu qanunsuz dəmir çəpər təkcə mülkiyyət sahibləri üçün yox, oradan keçən adi piyadalar üçün də hər an bədbəxt hadisəyə yol aça biləcək real təhlükəyə çevrilib.
Cavid İsmayılov və Ramin Ağayev indi son ümid kimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yazırlar. Yazırlar, amma müraciətdəki bir cümlə, əslində, vətəndaşın yerli icra strukturlarına qarşı hansı ovqatda olduğunu açıq göstərir: sakit, amma acı bir giley var ki, "Sizə də inamımız qalmayıb, çünki bu özbaşınalıqlar elə həmin sərəncamın ucbatından baş verib"...
Sakinlər Eldar Əzizovdan mülkiyyət hüquqlarına hörmət olunmasını, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 saylı evin qarşısını qapatmış bu qanunsuz dəmir hasarın dərhal sökülməsi üçün sərəncam verməsini tələb edirlər.
Görək, paytaxt meri vətəndaşın bu son ümidinə necə reaksiya verəcək? Dəmir hasar söküləcək, yoxsa etibarsız sənədlərin kölgəsində özbaşınalıq davam edəcək?