📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı 2028-ci ildə Avropa siyasi dialoqunda yeni mərhələnin əsasını qoyacaq

2026-11-12 13:07:26

Bakı 2028-ci ildə Avropa siyasi dialoqunda yeni mərhələnin əsasını qoyacaq

İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı başlayır. Qitənin 50-dən artıq dövlət və hökumət başçısının dəvət olunduğu bu görüş Avropanın təhlükəsizlik, enerji, iqtisadi rəqabət və siyasi gələcəyi ilə bağlı müzakirələr baxımından olduqca əhəmiyyətlidir. Lakin budəfəki sammitin gündəliyində yalnız Avropanın qarşılaşdığı problemlər deyil, həm də qitənin siyasi liderlik mənzərəsində baş verən dəyişikliklər diqqət çəkir. Əsas sual da ondan ibarətdir ki, bu gün Avropanın siyasi gündəliyini kimlər müəyyənləşdirir və qitənin gələcəyinin formalaşmasında hansı dövlətlər daha fəal rol oynayır?

Avropa Siyasi Birliyinin yaradılması ideyasını 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron irəli sürmüşdü. Onun təklifinin mahiyyəti Avropa İttifaqının sərhədlərindən kənara çıxan, qitənin bütün dövlətlərini siyasi dialoq, təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq ətrafında birləşdirən yeni platforma yaratmaq idi. Makron bununla Avropanın siyasi inteqrasiyasına yeni məzmun verməyə, Avropa İttifaqına daxil olmayan ölkələri də ümumi siyasi müzakirələrə cəlb etməyə çalışırdı. Lakin ideya müəllifi olmaq heç də avtomatik olaraq uzunmüddətli siyasi liderlik hüququ qazandırmır. Siyasi təşəbbüsün taleyini onun kim tərəfindən irəli sürülməsi deyil, zaman keçdikcə hansı nəticələr doğurması müəyyən edir. Bu baxımdan Makronun hazırkı siyasi vəziyyəti heç də ürəkaçan deyil.

Fransa son aylarda sosial-iqtisadi narazılıqlar, küçə etirazları, iğtişaşlar və hökumətə qarşı artan təzyiqlərlə üzləşib. Belə olan təqdirdə daxili siyasi problemlərlə üzləşən, cəmiyyətdə ciddi narazılıq dalğası ilə qarşılaşan Fransa rəhbərliyinin Avropanın gələcəyinə dair iddialı siyasi təşəbbüslərə rəhbərlik etmək imkanları da ortadan qalxır. İndi Avropa elə bir mərhələdədir ki, onun siyasi gələcəyini bir nəfərin, yaxud bir dövlətin ambisiyaları ilə məhdudlaşdırmaq olmaz. Qitənin yeni siyasi arxitekturası müxtəlif dövlətlərin maraqlarının və imkanlarının uzlaşdırılmasını tələb edir.

Məhz bu məqamda Azərbaycanın artan beynəlxalq roluna diqqət yetirmək lazımdır. Azərbaycan Avropa Siyasi Birliyinin ilk sammitindən etibarən bu platformada fəal iştirak edən ölkədir. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk sammitdə iştirak edib. Sonrakı toplantılarda da Azərbaycan Prezidenti Avropanın siyasi rəhbərliyi ilə təmaslar qurub, ölkəmizin mövqeyini ifadə edib və regional məsələlərlə bağlı müzakirələrə qatılıb. Bu iştirakın Avropa üçün əhəmiyyəti bir neçə konkret istiqamətdə özünü göstərir. Birincisi, enerji təhlükəsizliyidir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatının şaxələndirilməsi strateji məsələyə çevrilib. Azərbaycan bu istiqamətdə Avropanın enerji tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizi və Avropaya qaz tədarükü ölkəmizin iqtisadi münasibətlərini siyasi-strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. İkincisi, Şərq-Qərb nəqliyyat dəhlizi, Orta Dəhliz və Azərbaycanın tranzit imkanları Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin qurulmasında ölkəmizin rolunu artırır.

Bu gün Avropa üçün yalnız enerji mənbələrinin deyil, həm də alternativ nəqliyyat marşrutlarının və etibarlı təchizat zəncirlərinin mövcudluğu vacibdir. Üçüncüsü, Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra yeni münasibətlər sisteminin formalaşması Azərbaycanın beynəlxalq müzakirələrdəki mövqeyini daha da aktuallaşdırıb.

Regionda davamlı sülhün təmin edilməsi, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi Avropanın da maraqlarına uyğundur. Bu amillər Azərbaycanın Avropa üçün əhəmiyyətini yalnız enerji ixrac edən ölkə statusundan daha geniş müstəviyə çıxarır. Bakı artıq Avropa ilə Asiyanın siyasi, iqtisadi və nəqliyyat maraqlarının kəsişdiyi mühüm məkanlardan biri kimi çıxış edir. Bütün bu proseslərin fonunda Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Bununla ölkəmiz Avropa siyasi dialoqunda yeni mərhələnin əsasını qoyacaq, Bakı beynəlxalq görüşlər və danışıqlar üçün etibarlı məkan kimi öz imkanlarını nümayiş etdirmək fürsəti qazanacaq. Beləliklə, 2028-ci il sammiti Azərbaycanın beynəlxalq əlaqələrində ayrıca bir hadisə olmaqla yanaşı, ölkənin Avropa ilə münasibətlərinin gələcək istiqamətləri üçün də mühüm platformaya çevrilə bilər. 

Bu gün Avropanın qarşısında duran əsas məsələlərdən biri yeni geosiyasi reallıqlara uyğunlaşmaqdır. Təhlükəsizlik arxitekturasının dəyişməsi, enerji təchizatının şaxələndirilməsi, Şərq-Qərb əlaqələrinin gücləndirilməsi, regional münaqişələrin həlli və iqtisadi rəqabət qitənin gələcək inkişafını müəyyən edən əsas amillərdir. Belə bir şəraitdə Avropanın siyasi çəkisi yalnız ənənəvi güc mərkəzlərinin imkanları ilə ölçülə bilməz. Yeni tərəfdaşlar, yeni marşrutlar və yeni siyasi dialoq məkanları meydana çıxır.

Bu baxımdan Dublin sammiti Azərbaycanın da diqqət mərkəzində olacaq. Çünki Avropanın güclü, təhlükəsiz və əlaqəli gələcəyi mövzusu ölkəmizin maraqları ilə birbaşa səsləşir. İki ildən sonra növbəti sammitə ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın bu müzakirələrdə iştirakı həm də gələcək Bakı toplantısının siyasi gündəliyinin formalaşması baxımından əhəmiyyətlidir.

Yunis Orucov, əməkdar jurnalist