Azərbaycanın Uraldakı diaspor təşkilatı rəsmən qapadıldı
Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə Sverdlovsk vilayətinin "Azərbaycan-Ural" milli-mədəni təşkilatının məhkəmə qərarı ilə məcburi ləğv edilməsi barədə rəsmi qeyd daxil edilib. Musavat.com xəbər verir ki, bu barədə "Svobodnaya Pressa" yazıb.
Məqalədə qeyd olunur ki, bu birliyin əsasını vaxtilə tanınmış fiqur olan Şahin Şıxlinski qoyub. Şıxlinskinin fəaliyyəti onun ağır sifarişli qətllərin təşkilində təqsirli bilinərək uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə başa çatıb. Uraldakı Azərbaycan diasporası üçün bu hadisələr böyük zərbə olub. Şıxlinski hətta Yekaterinburqda 18 mərtəbəli "Azərbaycan Evi" inşa etməyi planlaşdırırdı və şəhər meriyası binanın yeri ilə bağlı ilkin razılıq vermişdi. Lakin Yekaterinburqda hüquq-mühafizə orqanlarının eyni vaxtda 50-yə yaxın azərbaycanlını saxlaması və əməliyyat zamanı saxlanılanlardan iki nəfərin həyatını itirməsi böyük rezonans doğurdu. Qısa müddət sonra Şıxlinski də saxlanıldı, daha sonra isə onun oğlu xüsusi xidmət orqanı əməkdaşını avtomobillə vurduğu üçün həbs edildi. Şıxlinskinin özünə qarşı 2001, 2010 və 2011-ci illərdəki qətl və qəsdlərlə bağlı cinayət işi açıldı və o, Moskvada saxlanılaraq məhkəmə hökmü ilə cəzalandırıldı. Nəticədə onun 2004-cü ildə yaratdığı (rəsmi qeydiyyatı yalnız 2023-cü ildə alınmış) təşkilat da ləğv olundu.

"Svobodnaya Pressa" vurğulayır ki, Uralda sayı 100 mindən çox olan azərbaycanlılar təşkilatsız qalmayıblar. Təşkilatın yeni rəhbəri Kərim Qasımov keçmiş rəhbərliyi tənqid edərək bildirib: "Özlərini rəhbər elan edənlər əslində lider deyildilər. Onlar azərbaycanlılardan öz çirkli, şəxsi maraqları üçün istifadə edirdilər. Biz başqa yolla gedəcəyik — sülh, dostluq, tərəqqi və birlik istəyirik". 2026-cı ilin yanvarında Kərim Qasımov «Azərbaycan-Ural İttifaqı» milli-mədəni cəmiyyətinə rəhbərlik etməyə başlayıb. 35 il Rusiya DİN orqanlarında xidmət etmiş və "14 Məsum Məscidi" dini təşkilatına rəhbərlik etmiş Qasımovun gəlişindən sonra regionda azərbaycanlılarla bağlı yeni qalmaqallar və səs-küylü həbslər yaşanmayıb. 69 yaşlı Qasımov əsas məqsədinin gənc və ləyaqətli kadrlar hazırlayıb estafeti onlara vermək olduğunu bildirir.
Məqalədə həmçinin qeyd edilir ki, Uraldakı hadisələr Rusiyadakı digər regional Azərbaycan diasporlarında baş verən oxşar proseslərlə üst-üstə düşüB. Son vaxtlar Moskvadakı diaspora rəhbəri Bəxtiyar Həsənov, Samara vilayətindəki rəhbər Şirvan Kərimov və Moskva ətrafı region üzrə rəhbər Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarılaraq ölkədən deportasiya olunublar. Bu proseslər həm də Rusiya ilə Azərbaycan arasında zaman-zaman gərginləşən diplomatik və geopolitik münasibətlərin fonunda cərəyan edir.