📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Türkiyə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi hər iki dövlətin maraqlarına uyğundur…

2026-10-27 13:48:20

Azərbaycan və Türkiyə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi hər iki dövlətin maraqlarına uyğundur…

Dünən  ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi hadisələr, Azərbaycan-Türkiyə münasibətləri, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması istiqamətində beynəlxalq təşəbbüslər və digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.

İdarə Heyətinin toplantısında Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər müşahidə olunan soyuqluq və münasibətlərin normallaşdırılması perspektivləri də müzakirə olunub. Ötən həftə ərzində hər iki tərəfdən münasibətlərin yaxşılaşdırılmasına və mövcud gərginliyin aradan qaldırılmasına yönələn bəyanatlar müsbət qiymətləndirilib. Xüsusilə Türkiyənin Milliyyətçi Hərəkat Partiyası tərəfindən səsləndirilən mövqelər təqdir olunub. Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi hər iki dövlətin, eləcə də bütövlükdə Türk dünyasının maraqlarına uyğundur. Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycan Prezidenti İ.Əliyevə telefonla zəng edərək onu oktyabrın 29-da Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına dəvət etməsi münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirilib. İdarə Heyəti Azərbaycan dövlət başçısının əvvəlki zirvə görüşlərində olduğu kimi, bu toplantıda da iştirak edəcəyinə və təşkilatın fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulanıb ki, hazırkı qlobal geosiyasi şəraitdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklər fonunda üzv dövlətlər arasında siyasi həmrəyliyin gücləndirilməsi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlara əsaslanan qərarların qəbul edilməsi daha da aktuallaşır.

İdarə Heyətinin toplantısında Azərbaycanda hicab qadağası ilə bağlı İran, Türkiyə və İraqdakı bəzi dini dairələrin hicablı olduqları üçün məktəbə getməyən azərbaycanlı qızları öz ölkələrinə dəvət edərək orada təhsil almalarını təklif etməsi müzakirə olunub. Qeyd olunub ki, bu cür çağırışlar Azərbaycanın milli-mənəvi dəyərlərinə və cəmiyyətin xüsusiyyətlərinə uyğun deyil, eyni zamanda ölkədə ailə institutunun zəiflədilməsinə və dağıdılmasına xidmət edə bilər. İdarə Heyəti belə təşəbbüsləri yolverilməz hesab edərək Azərbaycanın suverenliyinə, milli dəyərlərinə və daxili işlərinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.

İdarə Heyətinin toplantısında Rusiya ilə Ukrayna arasında davam edən müharibənin sülh danışıqları yolu ilə dayandırılması istiqamətində ABŞ tərəfindən həyata keçirilən vasitəçilik səyləri ətrafında da fikir mübadiləsi aparılıb. Müharibənin dayandırılmasına və tərəflər arasında sülhün əldə olunmasına yönələn diplomatik təşəbbüslər ümumilikdə müsbət qiymətləndirilib. Bununla belə, qeyd olunub ki, sülhə nail olmaq məqsədilə təzyiqlərin əsasən Ukrayna tərəfinə yönəldilməsi, güzəştlərlə bağlı tələblərin daha çox Ukraynanın üzərinə qoyulması ədalətli yanaşma hesab edilə bilməz. İdarə Heyəti hesab edib ki, davamlı sülhün əldə olunması üçün Rusiya tərəfinə də müvafiq təzyiqlər göstərilməli, onun qarşısında konkret öhdəliklər qoyulmalı və münaqişənin həllində beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir. Sülh danışıqları tərəflərdən yalnız birinin güzəştləri hesabına deyil, ədalət, suverenliyə hörmət və beynəlxalq hüququn tələbləri əsasında aparılmalıdır.

İdarə Heyətinin toplantısında Avropa İttifaqı çərçivəsində Rusiya ilə danışıqların aparılması və bu məqsədlə mümkün nümayəndələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələrə də toxunulub. Qeyd olunub ki, müharibənin dayandırılması və davamlı sülhün əldə edilməsi prosesində Avropa dövlətləri daha fəal iştirak etməlidirlər. Vurğulanıb ki, Rusiya-Ukrayna müharibəsi təkcə iki dövlət arasındakı qarşıdurma deyil, həm də Avropanın təhlükəsizliyinə, siyasi sabitliyinə və gələcək təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərən ciddi geosiyasi problemdir. Buna görə də sülh danışıqlarında Avropa dövlətlərinin mövqeyi və qanuni maraqları nəzərə alınmalı, onların təhlükəsizliklə bağlı narahatlıqları ümumi razılaşmanın mühüm tərkib hissəsi olmalıdır.

İdarə Heyətinin toplantısında ötən həftə Qərb mediasında Azərbaycan bankları vasitəsilə ABŞ Prezidenti D.Trampın kürəkəni C.Kuşnerə külli miqdarda maliyyə vəsaitinin köçürülməsi ilə bağlı yayılan məlumatlar müzakirə olunub. Müzakirələrdə qeyd edilib ki, bu məlumatların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılmalı, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat verilməlidir. Bu məsələnin yalnız maliyyə əməliyyatlarının qanuniliyi baxımından deyil, Azərbaycanın beynəlxalq nüfuzu və ölkənin maliyyə sisteminə olan etimad baxımından da əhəmiyyətli olduğu vurğulanıb.

Hurriyyet.net