📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azea Group” MMC-nin axtarışa verilmiş rəhbəri saxlanıldı - Yenilənib

2026-10-21 15:16:23

“Azea Group” MMC-nin axtarışa verilmiş rəhbəri saxlanıldı - Yenilənib

Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə o saxlanılaraq istintaqa təhvil verilib.

E.Əliyev barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

E.Əliyevlə yanaşı, onun həyat yoldaşı da külli miqdarda dələduzluqda ittiham edilir. Onların vətəndaşdan bağ evi tikintisi üçün 889 min manat pul aldığı, vəsaitin yarıdan çoxunu ələ keçirdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl E.Əliyev barəsində daha əvvəl də araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Bundan sonra E.Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4 (Xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq etmə) və digər maddələri ilə cinayət işi başlanılıb və o, axtarışa verilib.

Saxlanılan şəxsin əməllərindən zərər çəkmiş şəxslərin yerli polis şöbəsinə və ya DİN-in Su Nəqliyyatında Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti də faktla bağlı məlumat yayıb.

Bildirilib ki, polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib.

Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.

Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.