📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa Ukraynanı, yoxsa özünü PUTİNDƏN QORUMAĞA ÇALIŞIR?

2022-02-16 11:19:00

Avropa Ukraynanı, yoxsa özünü PUTİNDƏN QORUMAĞA ÇALIŞIR?

"Əgər Qərb Rusiyanın qarşısını almasa, o zaman Şərqi Avropa Kremlin nəzarətinə keçəcək"

Elxan Şahinoğlu: "Rusiya məkrli planını işə salıb, belə ki, iki xalqı qarşı-qarşıya qoymaq üçün çeçenləri ukraynalıların üzərinə göndərir"

Natiq Cəfərli: "Kreml MDB ölkələrinə təzyiqi artırmaqla onların Rusiya-Ukrayna qarşıdurmasına dair mövqelərini dəqiqləşdirməyə çalışacaq"

Məhəmməd Əsədullazadə: "ABŞ və Rusiya arasında danışıqlar baş tutmadığından müharibənin baş verməsi mümkündür, lakin NATO-nun birbaşa hərbi toqquşmalara qoşulması real deyil"

Nurlan Qələndərli: "Ukrayna cəbhəsində savaş diplomatiya müstəvisində davam edir, mübarizənin hazırkı motivi isə əlavə geoiqtisadi mənfəət, üstünlük qazanmaqdır"

ABŞ prezidenti Co Bayden bugünlərdə Britaniya, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri və NATO-nun baş katibinin iştirakı ilə baş tutan videokonfrans zamanı Rusiyanın Ukraynaya fevralın 16-da hücum edə biləcəyini bildirib. Rəsmi Vaşinqtonun iddiasına görə, Rusiyanın hücumu həm raket zərbəsi, həm də kiberhücum ola bilər. Məsələ ilə bağlı axar.az-da yer alan informasiyada isə deyilir ki, Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ administrasiyasının Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq şəkildə proqnozlaşdırmaq iqtidarında olmadığını qeyd edib: "Biz günü dəqiq proqnozlaşdıra bilmərik, amma Rusiyanın Ukraynanı istənilən gün işğal edə biləcəyini, böyük hərbi əməliyyat başlada biləcəyini deyirik. Gələn həftə, yaxud olimpiyadanın sonuna qədər. Əlbəttə, bu, olimpiyadadan sonra da baş verə bilər. Yaxud, hələ də mümkündür ki, Rusiya diplomatiya yolunu seçsin".

Son məlumatlar vəziyyətin gün keçdikcə daha kritik mərhələyə qədəm qoyduğuna dair fikirləri doğrulayır

Rusiyalı politoloq Leonid Savin isə bu qənaətdədir ki, Baydenin bəyanatı Ukrayna ordusunun NATO təlimatçılarının dəstəyi ilə Minsk razılaşmalarını pozaraq Donetsk və Luqansk ərazilərini işğal edə biləcəyi qorxusunu təsdiqləyir. Savin hesab edir ki, belə cəhdlər baş verərsə, bu, "soyqırım planı" olacaq və Rusiya Ukraynanı sülhə məcbur etmək üçün müdaxiləyə məcbur olacaq: "Hələlik Baydenin bu bəyanatı bir çox digər Qərb siyasətçiləri kimi, Rusiyaya qarşı informasiya müharibəsinə uyğundur. Amma Ukrayna hərbçilərinin davranışları, ABŞ və NATO-dan silah tədarükü ilə bağlı məlumatlar hələ də həyəcanvericidir. Ona görə də Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə olmasında haqlıdır və bu, Rusiyanın suveren işidir".

Söz yox ki, Rusiyanın qoşunlarını Ukrayna yaxınlığında və işğal olunmuş ərazilərində cəmləşməsi, Baydenin məlum açıqlaması, 40-a yaxın Avropa və digər qitə ölkələrinin vətəndaşlarını Ukraynanı tərk etməyə çağırması, Polşa rəsmilərinin Ukraynadan qaçqınların qəbulu imkanlarını nəzərdən keçirməsi, o cümlədən son günlər Kiyevdə Rusiyaya qarşı keçirilən nümayişlər və Ukrayna Təhlükəsizlik Xidmətinin əhaliyə müraciəti vəziyyətin gün keçdikcə daha kritik mərhələyə qədəm qoyduğuna dair məlumatları doğrulayır.

"Qərb liderləri Rusiya prezidentinə qarşı maraqlı taktika seçiblər və onu "əsəb müharibəsinə" sürükləyiblər"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzuya təxminən, bu konteksdən yanaşan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Qərb liderləri Rusiya prezidenti Vladimir Putinə qarşı maraqlı taktika seçiblər və onu "əsəb müharibəsinə" sürükləyiblər: "Kəşfiyyat məlumatlarına əsaslanan Qərb liderləri Rusiya prezidentinin Ukraynaya hücum əməliyyatına hazırlaşması təlimatını verdiyini özləri üçün müəyyənləşdiriblər. Ancaq Putin hələ hücum əmrini verməyib. Bundan istifadə edən Qərb liderləri hər gün Putinin beynini məşğul edirlər. Fransa prezidenti Emmanuel Makron gedir Moskvaya Putinlə 5 saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla 2 saat danışır. Bunun ardınca Putinə ABŞ prezidenti Co Bayden zəng edir və Kreml sahibi ilə bir neçə saat danışırlar". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bütün bunların iki məqsədi var: "Birinci məqsəd Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki, dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, "necə edim", "etməsəm nə olacaq", "edərsəm hansı təhlükələrlə üzləşəcəm" kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır".

"Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Yaponiya ABŞ-ın yanında yer alacaq"

Rusiyanın Ukraynaya hücum planının və gərginləşən vəziyyətin bir çox dövləti seçim qarşısında qoyduğunu vurğulayan politoloq qeyd edib ki, onlardan biri də Yaponiyadır: "Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdə rəsmi Tokio Qərb ölkələri qədər Rusiyaya qarşı sərt sanksiyalar qəbul etmədi. Çünki Yaponiya Rusiya ilə Kuril adalarınyla bağlı danışıqlarda müsbət nəticəyə ümid edirdi. Yaponiyanın 20 ildə dəyişən baş nazirləri Kremli inandırmağa çalışırdılar ki, Rusiyaya aid olmayan 4 adanı yiyəsinə qaytarmaq və bunun əsasında iki ölkə arasında sülh sazişi imzalamaq lazımdır. Kreml Tokionu xeyli müddət süründürdü. Tokio güzəştə gedərək heç olmazsa SSRİ ilə Yaponiya arasında 1956-ci ildə imzalanan sazişin yerinə yetirilməsini gümdəmə gətirdi. Həmin sazişə görə, dörd adadan ikisi Yaponiyaya qaytarılmalı və iki ölkə arasında sülh sazişi imzalanmalı idi. Ancaq Rusiya buna da getmədi və əksinə yeni konstitusiyaya "torpaq güzəşti olmayacağına" dair bənd əlavə etdi. Bu halda Tokionun adaların geri qaytarılmasına olan ümidləri daha da azaldı". Buna baxmayaraq, Tokionun Moskva ilə dialoqdan imtina etmədiyini deyən Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Çin ittifaqı Yaponiyanın maraqlarına cavab vermir: "Tokio üçün qonşu Rusiya təhlükə deyil. Yaponiya onun üçün əsas təhlükə mənbəyinin Çin və Şimali Koreya olduğunu qəbul edir. Tokio ilə dialoqu davam etdirmək Kremlin də maraqlarına cavab verir. Bununla Kreml Çin siyasətini nisbətən balanslaşdırılmış olur. Kremlin Dehli ilə dialoqu da bu amilə əsaslanır. Ancaq Dehli və daha çox Tokio Vaşinqtonu strateji tərəfdaş kimi qəbul edirlər. Odur ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Yaponiya bu dəfə ABŞ-ın yanında yer alacaq".

Politoloq onu da əlavə edib ki, Rusiya Milli Qvardiyasının Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan mexanikləşdirilmiş polkunun Ukrayna sərhədlərinə yeridilməsi Kremlin məkrli planından xəbər verir: "Məsələ burasındadır ki, Birinci Çeçen müharibəsində millətçi ukraynalılar çeçen mücahidlərinə dəstək verirdilər. Kreml bunu heç zaman untmadı və həmin günlərin intiqamını millətçi ukraynalılardan almaq üçün üzərinə nəzarətindəki çeçenləri göndərir ki, iki xalq qarşı-qarşıya qalsın".

"Müharibə olsa, Kreml MDB ölkələrindən Ukraynadakı qondarma qurumları və Krımın Rusiya torpağı olmasını tanımağı tələb edəcək"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu qənaətdədir ki, Rusiya-Ukrayna qarşıdurması, gərginliyi artdıqca Kremlin MDB ölkələrinə təzyiqi də artacaq. Onun sözlərinə görə, Rusiya bununla MDB dövlətlərinin məsələyə dair mövqelərini dəqiqləşdirməyə çalışır: "Əgər sabah Rusiya "DLR" və "LNR"-i, Donbası tanısa, müharibə olsa, MDB, əsas da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrindən də həmin qondarma qurumları və Krımın Rusiya torpağı olmasını tanımağı tələb edəcək. Bütün MDB ölkələrində bunun izlərini görürük. Belarusla məsələni 2020-ci ildə, Qazaxıstanla isə 2022-ci ilin əvvəlində həll etdi. Qırğızıstan onsuz da Qazaxıstanla paralel qərarlar verməyə məhkumdur, Türkmənistan qapalı, özünəməxsusdur, amma orda da maraqlı hadisələr baş verir. Yeni, gənc "şahzadə" hakimiyyətə gətirilir, Rusiya buna dəstək olur və Türkmənistan da Kremlin dediyini edir. Tacikistan və Özbəkistana qarşı isə "Taliban" dəyənəyi hazırdır, Kremlə etiraz etsələr, o dəyənəklə vurulacaqlar".

Politoloqun fikrincə, ən maraqlı durum Ermənistanla bağlıdır. O bildirib ki, Qazaxıstan hadisələrində Ermənistanı Qərbin gözündən salan Kreml, indi Ukrayna hadisələri fonunda Nikol Paşinyanın "Qərbyönümlüyünü" tam məhv edə bilər: "Azərbaycan da maraqlı durumdadır. İlham Əliyev ən gərgin zamanda Kiyevə getdi, dəstək göstərdi, Türkiyə ilə hərbi-strateji ittifaqı hər iki qardaş ölkə təsdiqlədi və bu müqavilələr qanuni qüvvəyə mindi. Avropa Birliyi ilə münasibətlər çox yaxılaşdı. Digər tərəfdən isə Rusiyanın ölkədəki "5-ci kalonu"nun rəhbəri, hakimiyyətin içindəkilərin bir hissəsinə və müxalifətin bir qisminə nəzarət, idarə edən Ramiz Mehdiyevin urvatsız edilməsi də heç təsadüf deyil. Kremlin burada siyasi oyun qura biləcəyi, 2013-cü ildə olduğu kimi öz əlaltıları, "milyarderlər ittifaqı" və "şuralar" ilə təzyiq və təsir göstərməsi cəhdləri tam neytrallaşdırılmalıdır. Məncə, son olaylar həm də bu məsələ ilə bağlıdır. Ramiz Mehdiyevin son bəyanatında rusdilliləri və rus dilini müdafiə etmək cəhdi təsadüf deyildi. Ona qarşı kampaniya da təsadüfi deyil, məqsəd tək onu yola salmaq yox, bütün bağlantıları da kəsməkdir".

"Rusiya yenidən postsovet məkanına və Şərqi Avropaya təsir imkanlarına sahib olmaq istəyir"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, ABŞ və Rusiya arasında Ukrayna fonunda dörd raundan ibarət danışıqlar baş tutmadığından müharibənin baş verməsi mümkündür. Politoloq hesab edir ki, bu müharibə Rusiya üçün daxildə yeni böhrana səbəb ola bilər: "NATO-nun birbaşa hərbi toqquşmalara qoşulması isə mümkün deyil. NATO ancaq Polşa və Baltikyanı ölkələrə təcavüz olarsa, müharibəyə qoşula bilər. Onu da bildirməliyəm ki, dünyanın yeni siyasi şəkillənməsi Ukrayna və Qara dəniz perferiyasında davam edir. Rusiya yeni dünya nizamında yenidən postsovet məkanına və Şərqi Avropaya təsir imkanlarına sahib olmaq istəyir. Kremlin Vaşinqtonu NATO-nun 1997-ci ildəki Avropanın içərilərinə doğru geri çəkilməsini tələb etməsi ümumi təhlükəsizlik problemlərinə gətirib çıxardı".

Rusiyanın Ukraynaya qarşı hücumunun qarşısını almaq üçün diplomatik müstəvidə danışıqların baş tutmadığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Kreml Qərbin onun maraqlarına qarşı gəldiyini və bunun üçün hərəkətə keçəcəyini ortaya qoyub: "Hətta ötən həftə Putin Makronla mətbuat konfransında Qərbi nüvə silahı ilə açıq təhdid etdi. Baş verənlər Avropa üçün arzuolunmaz gedişatdır. Rusiya beynəlxalq qanunları öz diktəsi ilə yenidən yazmağı qarşısına məqsəd qoyub və bunu Ukraynadan başladır. Əgər Qərb Moskvanın qarşısını almasa, o zaman Şərqi Avropa Rusiyanın nəzarətinə keçəcək. Rusiya tərəfindən atılan addımlar ABŞ və NATO-nun geri çəkilməsinə hesablanıb. Amma ABŞ və NATO-nun geri çəkilməsi Rusiyanın beynəlxalq hegemonluğuna gətirib çıxara bilər və bu, qonşu ölkələrin suverenliyini təhdid edər. Rusiya şəqrdən, şimaldan və cənubdan Ukrayna hücum planına malikdir və qoşunlarını bu istiqamətdə cəmləşdirib".

"Rusiya-Ukrayna müharibəsi baş verərsə, Ankara-Moskva münasibətləri pozulacaq"

Politoloq iddia edir ki, ABŞ və Böyük Britaniyanın Ukraynaya silah, ordu göndərməsi Rusiyanı qəti addımlar atmağa sövq edib: "Rusiyanın bu müharibədə məqsədlərinə nail olacağı gözlənilmir. Rusiya Ukraynadan o halda geri çəkilə bilər ki, Minsk razılaşması reallaşsın, Ukrayna federasiya qruluşuna gedərək, Donbasa xüsusi status versin. Baydenlə Putinin telefon danışığı son cəhddir və müharibənin başlayıb-başlamaması bu danışıqlardan asılıdır. Artıq Ukraynanın müttəfiqləri öz səfirliklərinin işçilərini bu ölkədən çıxarıb. Donbasda müharibənin baş verməsi mümkündür. Hər iki tərəfin toqquşması Ukraynanın geniş ərazilərini əhatə edə bilər. Bu müharibə həmçinin, Rusiya daxilində siyasi-iqtisadi böhrana yol aça bilər. Rusiya-Ukrayna müharibəsi baş verərsə, Ankara-Moskva münasibətləri pozulacaq".

"Rusiya Avropanın enerji bazarında tam monopolistə çevrilməyə, ABŞ isə həm Moskvanın təsir dairəsini zəiflətməyə, həm də "qoca qitə"ni təsir altına salmağa çalışır"

Politoloq Nurlan Qələndərli isə hesab edir ki, Ukrayna cəbhəsində hərbi toqquşma, müharibə olmayacaq: "Savaş diplomatiya müstəvisində davam edir, mübarizənin hazırkı motivini isə ərazi mübahisəsi təşkil etmir. Məsələ əlavə geoiqtisadi mənfəət, yaxud üstünlük qazanmaqdır. Rusiya Avropanın enerji bazarında tam monopolistə çevrilməyə, ABŞ isə bir daşla iki quş vurmağa, yəni həm Moskvanın təsir dairəsini zəiflətməyə, həm də "qoca qitə"ni təsir altına salmağa çalışır. Yenidən güc mərkəzinə çevrilməyə cəhd edən Avropa isə İkinci Dünya müharibəsindən sonrakı ən çətin, gərgin geostrateji vəziyyətlə qarşı-qarşıyadır". Politoloqun qənaətincə Moskva ilə Vaşinqton arasında manevr imkanları məhdudlaşan Avropa İttifaqının taleyi öz əlində deyil: "Bütün bunların fonunda atılan addımlar - vətəndaşların, diplomatların təxliyəsi, nüvə təhdidi və s. pik həddə çatan psixoloji əməliyyat və siyasi-ideoloji qarşıdurmanın tərkib hissəsidir".

Vazeh BƏHRAMOĞLU